Accessibility links

Yaponiya iqtisadi problemlər qarşısında - 2003-01-20


Asiya iqtisadiyyatının ən parlaq ulduzu olan Yaponiya iqtisadi inkişaf səviyyəsinə görə dünyada ikinci yer tutur. Lakin qərb mütəxəssisləri artıq neçə vaxtdır Yaponiya iqtisadiyyatının gələcək illərdə çox ciddi problemlərlə qarşılaşacağı haqda xəbərdarlıqlar edirlər. Mütəxəssislər hesab edirlər ki, Yaponiya problemləri həll etmək üçün radikal addımlar atmalıdır. Lakin ən’ənələrin güclü olduğu Yaponiyada bunu etməyə tələsmirlər.

Bu gün Yaponiyada həyat səviyyəsi yüksək olaraq qalır, təhsil və tibbi xidmətləri hamı üçündür, ölkədə cinayətlərin sayı azdır. İşsizlik səviyyəsi on illə müqayisədə yüksək həddə çatsa da, hər halda, dünyanın bir çox ölkələrində olduğundan və tam yəqinliklə, Avropadan aşağı səviyyədədir. Lakin bütün bunlara baxmayaraq, ekspertlər iqtisadi fəlakətin yaxınlaşacağını söyləyirlər. Yaponiyanın “Oriental Economist” jurnalının Amerikada çıxan nəşrinin baş redaktoru Piter Ennis deyir ki, Yaponiyanın investorları mülk və aksiyalar almaqla gəlir əldə edəcəklərini düşünürdülər. Lakin 90-cı illərin əvvlərindən e’tibarən daşınmaz əmlak bazarı və aksiya bazarlarında tənəzzül müşahidə olunmağa başladı. Bu, adi yaponlara o qədər tə’sir etmədi, çünki yaponların çoxu aksiya almayıb pullarını banklarda saxlayır və tez-tez ev alıb satmırlar. Əmlak və aksiya bazarlarında tənəzzül nəticəsində biznes fəaliyyətləri zəifləyən şirkətlər qərb ölkələrindən fərqli olaraq bağlanmadılar. Bu şirkətlərə banklardan borc almaq icazəsi verildi. Bu isə bank sistemində böhrana gətirib çıxardı. Borclarını ödəyə bilməyən şirkətlər müflisləşdiklərini e’lan etməlidirlər. Lakin Yaponiyada bu, belə deyil. İndinin özünə qədər Yaponiyada çox az adam böhran içində olduğunu e’tiraf edir. Vaşinqtondakı Bruklin institutundan təhlilçi Ed Linkolnun dediyi kimi, Yaponiyada investorlar və bankirlər indi hər şeyi itirə biləcək bir mövqedə olan güclü və nüfuzlu adamlardırlar.

“Bu adamlar siyasətçilərin donorlarıdır və siyasətçilər dostlarını incitmək istəmirlər. Banklar həqiqətdə nə baş verdiyini demək istəmirlər, çünki qorxurlar ki, məsələlərin nə yerdə olduğunu açıb desələr, o zaman, pullarını həmin bankalara qoyan günahsız insanlar pullarını oradan götürə bilərlər, bu isə banklar üçün böyük problemlər deməkdir.”

İkinci dünya müharibəsi dövründən Yaponiya siyasətçiləri iqtisadi inkişaf və maliyyə məsələlərinə nəzarət edirdilər. Bu, yalnız gəlir əldə etmək istəyilə deyil, yaponların yazılmamış qanunu olan “şiqarami” ilə izah olunur. “Şiraqami”yə görə, borc yaxın münasibətlər əsasında alına bilər və siyasi təzyiqlərə mə’ruz qaldıqda və qarşılıqlı özünü qoruma prinsiplərinə əsaslanmalıdır. Yaponiyanın “Oriental Economist” jurnalının Amerika nəşrinin baş redaktoru Piter Ennis deyir ki, şirkəti saxlamaq, ya da gəlir əldə etmək məqsədilə işçiləri işdən kənarlaşdırmaq Yaponiyada ictimiayyət tərəfindən heç cür qəbul edilə bilməz.

“Bunu edən şirkət rəhbəri cəmiyyət tə’qib edəcək. Adamlar soruşacaqlar: “Siz nəyin qayğısına qalırsınız, pulun, yoxsa adamların?”

İşi itirmək Yapon mədəniyyətində az qala rüsvayçılığa bərabərdir. Cəmiyyətdə bunu belə qəbul edir ki, yəqin, nə isə çox kobud səhvə yol verilib ki, bu adamı işdən çıxarıblar. Ekspert Piter Ennis adamların işdən çıxarıldıqlarını ailə üzvlərindən gizlədərək hər səhər işə gedən kimi evdən çıxıb axşam evə qayıtdığına dair misallar çəkir. İşsizliyi aşağı səviyyədə saxlamaq üçün Yaponiya siyasətçiləri qeyri-produktiv biznes sahələrini himayə edir və bu şirkətlərin işləmə prinsipləri haqda qanunlar yaradırlar. Məsələn, özünə xidmət yanacaq doldurma stansiyalarına Yaponiyada icazə verilmir. Əgər yanacaq satnsiyasına getsəniz, beş adam sizin maşının üstünə şığıyır. Biri şüşələri təmizləyir, biri maşının yağını yoxlayır, kimsə bakı benzinlə doldurur, başqası təkərlərin təzyiqini ölçür. Sizsə bütün bunların haqqını ödəməlisiniz, başqa əlacınız yoxdur. Bu yolla ölkədə işsizlik səviyyəsi aşağı həddə saxlanılır. Maliyyə bazarında vəziyyət isə müşahidəlilərin fikrincə, daha da mürəkkəbdir. Baş nazir Yuniçiro Koizumi qərb yönlü iqtisadçı Heyzo Takenakanı keçən ay yeni maliyyə naziri vəzifəsinə tə’yin edəndə müşahidəçilər bunu Yaponiyanın, nəhayət, radikal islahatlara hazır olması kimi qiymətləndirmişdilər. Lakin bir ay sürən mübahislərdən sonra açıqlanan iqtisadi islahatlar planı əvvəlkillərdən bir o qədər fəqrlənmədi. Yaponiya bankının keçmiş direktor müavini Şicuro Oqata bunu təəccüblə qarşılamadığını deyir: “Parlament üzlvərinin və bürokratların dəstəyi olmadan heç nə etmək olmaz. Kənardan gələn adamlar ideyalar gətirir, lakin bundan başqa heç bir şey edə bilmirlər.”

Şicuro Oqatanın söylədiyi kimi, Yaponiya siyasətçilərinin çoxu siyasətçilərin bir neçə nəslini təmsil edən ailələrdən gəlmişlər. Ona görə də, kənardan gələn adamların bu dairəyə daxil olması çox çətindir. Qərb siyasətçiləri isə Yaponiyada ciddi iqtisadi böhranın qaçılmaz olduğunu deməyə davam edirlər. Təhlilçilər hesab edirlər ki, bunun, bəlkə müsbət nəticəsi də oldu. Çünki bir gün Yaponiyanın 10 ən böyük bankı müflisəşdiyini e’lan etsə, mətbuat, radio-televiziya bu haqda gecə-gündüz çığırmağa başlasa və cəmiyyətdə qısa müddətdə bir qarmaqarışıqlıq yaransa, Yaponiya hökuməti həqitətən də, lazımi ölçülər götürməyə başlayacaq. Amerika təhlilçilərinin fikrincə, bu tədbilrər müəyyən çətinliklər yaradacaq, lakin Yaponiya iqtisadiyyatının bərpa olub bundan sonra daha da böyük inkişafına imkan yaradacaq.

XS
SM
MD
LG