ABŞ Fəza Aqentliyi NASA Kolumbiya fəza gəmisinin yerə enməyə hazırlaşdığı vaxt dağılmasına nəyin səbəb olduğu müəyyən edilənə qədər gələcəkdəki Şatıl səfərlərini dayandırmışdır.
Kolumbiya fəza gəmisi 16 günlük fəza səfərini nailiyyətlə başa çatdırıb dünyaya qayıdırdı və Floridada yerə enməmişdən bir neçə dəqiqə əvvəl Texas səmalarında dağıldı. Əvvəlcə Texasın əksər hissələrində çox güclü bir partlayış eşidildi. Bundan sonra isə Şatılın irili xırdalı hissələrinin alovlar içində yerə yaxınlaşdığını bəlkə də on minlərlə adam gördü. Şatılın hissələri bir neçə ştata dağıldı. İsrailin ilk astronavtı da daxil Şatıldakı 7 astronavt həlak oldu. NASA-nın nümayəndələri qeyd edirlər ki, Şatılda ilk problem işarələri fəza gəmisinin sol tərəfində təkərin hava təzyiqini və istiliyi bildirən göstəricilərin işləməməsi ilə bilindi. Baş Uçuş Direktoru Milt Helflin bildirib ki, bundan bir neçə dəqiqə sonra isə Şatılla bütün əlagə itti. O, deyir ki, ”Biz tamam əlaqəni itirəndə bunun uğursuz bir gün olduğunu anlamaya başladıq.”
Şatılın hissələri federal, ştat və yerli təcili müdaxilə agentliklərinin köməyi ilə NASA-nın mütəxəssisləri tərəfindən yığılacaq. NASA-nın direktoru Şan Okif fəlakətin səbəbini araşdırmaq üçün həm agentlik daxilində həm də xaricində müstəgil heyyət təşkil ediləcəyini bildirib. Şatıl proqramının direktoru Ron Ditmor isə deyir ki, hadisənin səbəbini müəyyən etməkdə qalıqların analizi əsaslı rol oynayacaq. O deyib ki, ”Səbəbi müəyyənəşdirmək üçün dəlillər üzərində işləmək və onları analiz etmək xeyli vaxt aparacaq.” Hadisənin səbəbi müəyyən edilənə qədər NASA Şatıl fəza gəmilərinin bütün səfərlərini dayandırıb. Kennedi Fəza Mərkəzində fəza gəmilərinin yerin orbitinə göndərilməsi hazırlıqları tamamilə dayandırılıb.
Mütəxəssislər deyirlər ki, fəza gəmisi üçün ən təhlükəli zamanlar gəminin fəzaya qalxdığı və yerə endiyi zamanlardır, ona görə ki, kosmik gəmi həmin vaxtdə həddən çox təzyiqə və istiliyə məruz qalır.
Kolumbiyanın fəzaya göndərildiyi vaxt yerin orbitinə yerləşməsinə kömək edən, raketin istiliyə qarşı qoruyan hissəsinin bir parçası raketdən ayrılaraq Kolumbiyanın sol qanadına dəymişdir. Elə Şatılda problem də bu tərəfdən başlamışdı. NASA-nın səlahiyyətli nümayəndələri deyirlər ki, səfərin ilk günlərində bu məsələ geniş şəkildə analiz edilmiş və uçuş mühəndisləri bu nəticəyə qəlmişlər ki, ehtimal ki, həmin hadisənin uçuşa bir təsiri olmayacaq. Onlar indi isə bunu istisna etmirlər.