Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmi nümayəndələri Küveytdəki hərbi düşərgədə qumbara hücumu həyata keçirdiyi ehimal edilən Amerika əsgərini sorğu-suala tutublar. Küveytin şimalındakı 101-ci desant diviziyasının düşərgəsində baş vermiş hadisə nəticəsində bir nəfər əsgər həlak olmuş, 10-dan çox adam yaralanmışdır. Hücumçu yüksək səviyyəli zabitlərin istifadə etdiyi çadır da daxil olmaqla, üç çadıra qumbara atmışdır. Şübhələnilən əsgərin bir qədər sonra bunkerdən tapıldığı xəbər verilir.