Accessibility links

Xəbərlər agentliklərinin verdiyi son mə'lumatlar - 2003-04-02


CNN kanalı xəbər verir ki, ABŞ kəsviyyat dairələri ABŞ qüvvələrinin Bağdada daxil olduqları halda, İraq prezidenti Səddam Hüseynin öz qüvvələrinə kimyəvi silahlardan istifadə etmək əmrini verdiyindən qorxduqlarını ifadə ediblər. İraqın İnformasiya naziri Səid Əs-Səhəf Bağdadda son 24 saat ərzində 16 nəfərin həlak olduğunu və 95 nəfərin yaralandığını bildirib. BBC Britaniyanın baş naziri Tony Blair ölkəsinin Kərbəla şəhərinə çatan hərbi qüvvələrinin İraq ordusunun elit dəstəsi olan İraq Respublikası Mühafizəçilərinin Mədinə diviziyası ilə üzləşdiklərini bildirib. Kərbəla şəhəri Bağdaddan 80 kilometr cənubda yerləşir. Hərbi təyyarələr və vertolyotlarla İraq ordusunun İraqın cənubundakı mövqelərini güclü atəşə tutulduğu xəbər verilir. Hərbi təhlilçilər bunu Bağdad uğrunda döyüşün yaxın vaxtda başlayacağına işarə kimi qələmə verir. Bu arada, Reyter agentliyi Bağdad sakinlərinin şəhəri tərk etməyə başladıqlarını xəbər verir. Amerika təyyarələrinin ilk dəfə olaraq Bağdadı müdafiə edən Respublika Mühafizəçilərinin mövqelərinə hücum etdiyi bildirilir. Bağdada doğru irəliləyən koalisiya qüvvələrinin İraq ordusunun güclü müqaviməti ilə üzləşdikləri deyilir. Bu arada BBC xəbər verir ki, İranın müharibənin səbəb olduğu bu qarışıqlıqdan öz niyyətləri üçün istifadə etməməsi məqsədi ilə Britaniya hərbi dənizçiləri İraqın İranla sərhədlərində mövqe tutublar. Britaniyanın hərbi mənbələri xəbər verir ki, İraqın cənubundakı Umm Qasr limanı bir-neçə gün davam etmiş müqavimətdən sonra açıq və təhlükəsizdir. Reyter xəbər verir ki, bu şəhərdə içməli su qıtlığı problemi getdikcə gərginləşir. Bazar ertəsindən e’tibarən Nəsiriyyə şəhəri ətraflarında gedən döyüşlərdə azı 10 Amerikalı əsgərin həlak olduğu bildirilir. Britaniya hərbi mənbələri bazar ertəsi gecəsi Bəsrə şəhərindən çıxmağa çalışan ən azı 20 ədəd zirehli texnikanın, o cümlədən, tankların məhv edildiyini bildirir. İraqın vitse-prezidenti Taha Yasin Ramazan Ərəb Ölkələri Cəmiyyətininin xarici işlər nazirlərini kəskin şəkildə qınayıb. Onun sözlərinə görə, onların ABŞ-ın başçılıq etdiyi qüvvələrin İraqdan dərhal və şərtsiz çıxarılmasına dair müraciətləri yetərli deyil. Reuter Nəsiriyyə şəhəri yaxınlığında ən azı 30 iraqlının cəsədlərinin müşahidə edildiyini bildirib. İraqın İnformasiya naziri Rusiya şirkətlərinin İraqa hərbi təchizat satdıqları barədə Amerikanın irəli sürdüyü ittihamları yalan adlandıraraq rədd edib. Bu arada, Rusiya prezidenti Putinin həmin ittihamları qətiyyətlə rədd etdiyi bildirilir. O, prezident Buşla telefon danışığı zamanı belə israrla satışların həyata keçirilmədiyini bildirib. Kremlin mətbuat katibi deyib ki, belə sübuta yetirilməmiş faktlar irəli sürən açıqlamalar iki ölkə arasında münasibətlərə zərər gətirə bilər. Ağ Evə əsasən bu məsələni cənab Buş telefon danışığı zamanı qaldırıb və Putin bunu dərhal araşdıracağına söz verib. Lakin Kremlə əsasən bu məsələni qaldıran Putin olub və o bildirib ki, bu ittihamların yalnış olduqları artıq sübuta yetirilib. CNN-nin xəbərinə görə Britaniyanın Baş naziri Blairin Səddam Hüseyni hakimiyyətdən salmaq məsələsində böyük irəliləyiş əldə edildiyini bildirib. O deyib ki, əməliyyatın davam etdiyi beş gün ərzində Bağdada doğru irəliləyiş planlaşdırdığımız kimi gedir. ABŞ-ın Birgə Qərargahlar rəisi Richard Myers Amerika televiziyasına verdiyi müsahibəsində İraqda ən gərgin döyüşlərin hələ irəlidə olduğunu deyib.

XS
SM
MD
LG