Dünən “İnternyus” təşkilatının Vaşinqton qərargahında “Ermənistan və Azərbaycan - Açıq Mediyanın perspektivləri və üzləşdiyi çətinliklər” mövzusunda konfrans keçirilib. Azərbaycanda müstəqil mediyanın quruluşu və güclənməsi istiqamətində fəal iş aparan Amerikanın İnternyus qeyri-hökümət təşkilatının Vaşinqton qərargahında keçirilmiş konfransda Cənubi Qafqaz üzrə regional direktor John Boit, Ermənistan üzrə direktor Bill Canter və İnternyusun Azərbaycandakı əməkdaşı Namiq Heydərov çıxış etmişlər. Bu konfransda Azərbaycan mediyasının hazırkı durumu, mediyaya və jurnalistlərə dövlət tərəfindən edilən təzyiqlər, habelə, 2004-cü ildə keçiriləcək prezident seçkilərinin mediya tərəfindən müstəqil və obyektiv şəkildə işıqlandırılmasının perspektivləri müzakirə olunub. John Boit öz çıxışında ümumiyyətlə, müstəqil mediyanın vəziyyətinin bir az da olsa yaxşılaşdığını qeyd edib. Onun dediyinə görə, ən ümidverici vəziyyət Bakının özündə deyil, regionlardadır. O, Quba-Qusar regionunda müstəqil mediya quruluşlarının gücləndiyini misal gətirərək, məhz regional mediyanın gələcəkdə böyük irəliləyiş edəcəyinə ümid bəslədiyini bildirib. İştirakçılar arasında olmuş Amerikanın Azərbaycandakı keçmiş səfiri Richard Kazlariçin sualına cavab verərək cənab Boit bildirib ki, hökümət tərəfindən müstəqil mediyaya edilən təzyiqlər xeyli dəyişib. O deyib ki, əvvəlcə Azərbaycan höküməti mediyaya qarşı açıq zorakılıq metodlarına əl atırdı. Lakin indi hökumət bu məsələdə daha yumuşaq metodlardan istifadə edir. Məsələn, o, lisenziyaların vaxtında verilməsi məsələsi, habelə, jurnalistlər və mediya təşkilatlarının məhkəməyə verilməsi kimi məsələlərdə özünü göstərib. Bakıda fəaliyyət göstərən mediyalara gələndə isə o qeyd edib ki, təəssüf ki, bu mediyalar arasında, sözün əsl mə’nasında müstəqil mediya yoxdur. Onun dediklərinə görə, Speys və Lider təşkilatlarına prezident Əliyevin ailəsi tərəfindən nəzarət edilir, ANS təşkilatı 1990-cı illərə nisbətən zəifdir və ciddi mövzuları işıqlandırmaqdan boyun qaçırır. İnternyusun əməkdaşı Namiq Heydərov müstəqil mediya quruluşlarının assosiasiya təşkil etdiklərini və bununla da öz fəaliyyətlərini daha da effektiv şəkildə aparacaqlarını qeyd edib. O bildirib ki, belə əməkdaşlıq xüsusi ilə Gəncə jurnalistləri arasında müşahidə olunur və hal-hazırda bu assosiasiyanı rəsmi qeydiyyatdan keçirmək cəhdləri göstərilir. Lakin əsas diqqət Azərbaycanda İctimai televiziyanın yaranmasına yetirilib. İştirakçılar xatırladıb ki, Azərbaycanın Avropa Şurasına daxil olmasının bir şərti də ondan ibarət idi ki, Azərbaycan dövləti 2 il ərzində dövlətdən tamamilə müstəqil İctimai televiziya yaradsın. Lakin buna verilən vaxt artıq yanvar ayında tamam olub. İştirakçılar qeyd ediblər ki, Avropa Şurasına daxil olan ölkələr dövlət televiziya şirkətlərini öz nəzdində saxlaya bilməz, yə’ni dövlət televiziyası konsepsiyası ola bilməz. Dövlət televiziyası ancaq dövlət tərəfindən maliyyələşdirilə bilər. Müstəqil şəkildə fəaliyyət göstərən ictimai televiziya kanalı qurulmalıdır. İnternyus təşkilatının cənubi Qafqaz üzrə regional direktoru cənab Boit konfrans sona çatdıqdan sonra müxbirinizə verdiyi müsahibəsində deyib ki, Avropa Şurasının üzvü kimi Azərbaycan İctimai televiziyanın yaradılmasında bir neçə ay gecikib və seçkilərə qədər belə televiziyanın yaradılmaması böyük biabırçılıq olar. Boit qeyd edib ki, Azərbaycan höküməti başa düşməlidir ki, Avropa Şurasının qaydaları ondan ibarətdir ki, üzv ölkədə dövlətin nəzarət etdiyi dövlət televiziyası ola bilməz, yalnız ictimai və müstəqil televiziya olmalıdır. Onun sözlərinə görə, Azərbaycan hökümətinin sözdə ictimai televiziya qurduğu, lakin dövlət televiziyasını ləğv etmədiyi təqdirdə bu, Avropa Şurası qaydalarına zidd olardı.