Ölkənin ali ruhani rəhbəri Ayatolla Əli Xamaneyi Birləşmiş Ştatları kəskin tənqid edərək, onu İranda qeyri-sabitlik yaratmaqda günahlandırmışdır. Dövlət telekanalı ilə çıxış edən Ayatolla Əli Xamaneyi Vaşinqtonu İran xalqı ilə hökumət arasına nifaq salmaqda ittiham etmişdir. O demişdir ki, Amerika İran rejimini hərbi yolla dağıda bilməyəcəyini başa düşdüyü üçün sosial zəmində ehtirasları qızışdırmağa çalışır. Ayatollanın çıxışı əksəriyyəti maşınlarda olmaqla minlərlə nümayişçinin şəhər küçələrinə çıxıb siqnallar verməsindən bir neçə sonra edilmişdi. Hökumət əleyhinə bu nümayişlərin getdikcə gücləndiyi görünür. E’tiraz nümayişi zamanı “diktatorlara ölüm” və “siyasi azadlıq” şüarları səslənmişdi. Gənc nümayişçilərin bə’ziləri Ayatolla Xamaneyi əleyhinə də şüarlar bağırmışlar.Polis və sərtxətt tərədarları nümayişçiləri universitet binalarına yaxınlaşmağa qoymamışlar. Asayişin bərpası naminə Ayatolla Xamaneyi islamçı milis qruplarını nümayişçilərdən kənar durmağa çağırmışdır. Nümayişin təşkilatçıları 1999-cu ilin iyul ayında olduğu kimi indi də paytaxtın bütün sistemlərini iflic vəziyyətinə salmaq istədiklərini deyirlər.