Iran hökuməti ilə Beynəlxalq Atom Enerji Aqentliyinin mütəxəssisləri arasında müzakirələr bu gün də davam edib. İranın rəsmi xəbər agentliyi IRNA-nın bildirdiyinə görə Agentliyin mütəxəssisləri İrana Nüvə Silahlarının Yayılmaması barədə müqaviləyə əlavə protokol haqqında məlumat vermişlər. İran həmin protokolu imzalamaq üçün beynəlxalq təzyiq altındadır. Bu protokol ətraflı və əvvəlcədən xəbər verilmədən yoxlamalar keçirilməsinə imkan verir. İranın Prezidenti Məhəmməd Xatəmi İranın nüvə silahlarının əleyhinə olduğunu bildirsə də ölkəsinin həmin protokolu imzalayacağını deməyib. O, İranın nüvə silahları əldə etməyə çalışdığı haqda iddiaları danıb. Belə iddiaları Vaşington irəli sürür və Avropa Birliyi də bu yaxınlarda bildirdi ki, nüvə məsələsinə görə İranla münasibətlərini bir daha nəzərdən keçirə bilər.