Mərkəzi Komandanlıq xəbər verir ki, İraqın keçmiş daxili işlər naziri Mahmud Diyab Əl Əhməd cümə günü koalisiya qüvvələrinə təslim olub. O, siyahıda adı olan və axtarılan 29-cu adam idi. Koalisiya qüvvələri Səddam Hüseyn rejiminin axtarışda olan qalan üzvlərini də ələ keçirməyi qarşılarına məqsəd qoyublar. Şənbə günü neftlə zəngin olan Kərkük şəhərində keşik çəkən 2 əsgər qumbara hücumu nəticəsində yaralanmışlar. Bəsra şəhərinin cənubunda Britaniya hərbi qüvvələri elektrik və yanacağın artırılması tələbi ilə toplaşmış yüzlərlə qəzəbli şiə ilə qarşılaşmışlar. Onlar şəhərə verilən elektrik və yanacağın artırılmasını tələb ediblər. Qəzəblənmiş nümayişçilər hərbiçilərə daş atmış, maşınları əzmiş və təkərləri yandırmışlar. İraqda koalisiya idarəsinin müvəqqəti başçısı Pol Bremer Bağdadda mətbuat konfransında etdiyi çıxışında doğrudan da elektrik enerjisi probleminin olduğunu boynuna almışdır. Lakin o demişdir ki, aprel ayında enerji 300 meqavat idisə indi 350 meqavata çatdırılmışdır. O, demişdir ki, enerji problemi uzun müddətli problemdir. Çünkü qırx ildir ki, Səddam Hüseyn dövlətin neft ehtiyatlarını dağıtmış, iqtisadiyyatın düzgün idarə edilmədiyinə və kifayət qədər elektrik enerji stansiyası tikilmədiyinə görə bu problemlər yaranmışdır. İndi biz enerji probleminin həlli üçün ayrılmış 2 milyard dolların bu məsələnin həllində necə istifadə edilməsi yollarını axtarırıq. Birləşmiş Ştatlar hərbiçiləri vertolyot və hərbi maşınlardan istifadə edərək Bağdadın 50 km qərbindəki Falluca şəhərində keçirdikləri reyd zamanı Bəəz partiyası milislərinin yerli komandirini həbs etmişlər. Eyni zamanda xəbər verilir ki, son 24 saat ərzində İraqda keçirilən reyd zamanı hərbiçilər tərəfindən partlayıcı maddələr, silah və döyüş sursatları müsadirə edilmişdir. ABŞ hərbiçiləri koalisiya qüvvələrinə qarşı istifadə edilə biləcək yer-hava raketləri də ələ keçirmişlər.