Nəcəf şəhərində bomba partlayışı nəticəsində 75 adamın öldüyü, onlarla adamın yaralandığı xəbər verilir. Şiələrin rəhbəri ayatolla Məhəmməd Bağır əl-Həkimin ölənlərin arasında olduğu bildirilir. Şahidlərin bildiriyinə görə, maşında yerləşdirilmiş bomba Nəcəfdə şiələrin müqəddəs ibadət yeri olan imam Əlinin məscidi önündə partlamışdır. Partlayış həftənin əvvəli şiələrin lideri Məhəmməd Bağır əl-Həkiminin əmisi, daha bir şiə ruhani liderinə qarşı hücumda onun üç mühafizəçisinin ölümündən sonraya təsadüf edir. Zorakılıqların məs’uliyyəti şiə rəhbərlik daxilində mövcud olan düşmən qrupların üzərinə atılır. Partlayışdan az əvvəl məsciddə cümə namazı verən Ayatolla Məhəmməd Bağır əl-Həkiminin sağ olub-olmadığı haqda bir-birinə zidd mə’lumatlar verilmişdi. Lakin sonradan Tehranda Məhəmməd Bağır əl-Həkiminin qohumları və İran islam respublikasının Ali Şurasına istinad edən xəbər agentlikləri onun öldüyünü təsdiq ediblər. Birləşmiş Ştatların İraqda səlahiyyətli nümaynədəsi səfir Pol Bremer hücumu qınamış, təhqiqat aparmaq üçün İraq polisi ilə tam əməkdaşlıq vəd etmişdir. Bu arada, Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri bildirirlər ki, ayrı-ayrı iki hücumda bu gün bir Amerika əsgəri həlak olmuş, beş əsgər yaralanmışdır.