Accessibility links

İsrail Suriyaya hücum edib - 2003-10-05


Dünən Hayfa şəhərindəki intihar hücumu nəticəsində 19 nəfərin həlak olmasından sonra İsrailin hərbi təyyarələri Suriyaya hücum ediblər. İsrailin Müdafiə Nazirliyi bu gün bildirib ki, intihar hücumundan bir neçə saat sonra islamçı yaraqlılarının Dəməşq ətrafındakı təlim düşərgəsinə təyyarələrlə zərbə endirilib. Nazirliyin bəyanatında deyilir ki, Həmas və İslam cihadi qrupları daxil olmaqla, Fələstinin bir sıra terrorçu qrupları bu bazadan təlim üçün istifadə edirlər. Bu, 1982-ci ildən bəri İsrailin Suriyaya qarşı birinci hücum olduğuna inanılır. 1982-ci ildə İsrail fələstinlilərin Livandakı hərbi qüvvələrinə qarşı hücuma keçmişdi. Baş qərargahı Suriyada yerləşən İslam cihadi qrupu bu hücumun məsuliyyətini üzərinə götürüb. İsrail hökumətinin nümayəndəsi Avi Pazner əməliyyatı “ədalətli” adlandıraraq bildirib ki, Birləşmiş Ştatlar dəfələrlə Suriyanı İslam Cihadi qrupunun bütün obyektlərini bağlamağa çağırıb. Avi Pazner deyib ki, Hayfa hücumundan sonra İsrail İslam cihadi qrupunun harada olursa-olsun, bazalarına hücumlar edəcək. İsrail bu gün kamikadze qadının evini dağıdıb.

XS
SM
MD
LG