Azərbaycanda prezident seçkiləri günü Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfiri Əhəd Qəzaiyə etiraz notası verilmişdir. Səfirin diqqəti oktyabrın 14-ü Bakı vaxtı ilə saat 21-dən 22-30-dək İran İslam Respublikasının dövlət televiziyasi ilə yayımlanan proqrama cəlb edilmişdi. Səfir Qəzaiyə təqdim edilən notada deyilir ki, Azərbaycanda prezident seçkilərinə həsr olunmuş həmin proqramda bütövlüklə bircə namizəd-Musavat partiyasının başqanı İsa Qəmbərin təbliğatına yer verilmişdi. Seçkilərdən bir gün əvvəl yayımlanan bu veriliş seçki kampaniyalarının başa çatmasından sonraya təsadüf etmişdi. Bunun isə qəsdən və planlaşdırılmış şəkildə edildiyi bildirilir. Səhər-2 TV telekanalının bu proqramının İran İslam respublikası ilə sərhəd bölgələrdə yerləşən Azərbaycan rayonlarında göstərilməsi İranın rəsmi mediasının Azərbaycanın daxili işlərinə müdaxilə və İsa Qəmbərin belə açıq şəkildə dəstəklənməsinin seçiiclərə psixoloji təzyiq kimi qiymətləndirilir. İranla sərhəd bölgələrdə yaşayan Azərbaycan vətəndaşları Səhər-2 TV-nin verilişinə etirazlarını bildirmişlər. Notada bildirilir ki, bizim vətəndaşlar müvafiq orqanlara, xüsusilə də Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasına müraciət edərək, xaricdən seçki prosesinə belə bir müdaxiləni kəskin qınamış və buna qarşı lazımi ölçülər götürülməsini tələb etmişlər. Xarici İşlər Nazirliyinin İranın Azərbaycandakı səfirinə təqdim etdiyi etraz notasında İranın Azərbaycanın daxili işlərinə müdaxiləsinin İran və Azərbaycan arasındakı dost və qarşılıqlı hörmətə əsaslanan qonşuluq əlaqələri və beynəlxalq normalara zidd olduğu bildirilir.