Accessibility links

Valter Şvimmer Azərbaycan hökumətini öhdəliklərinə əməl etməyə çağırır - 2003-10-20


Avropa Şurasının Baş Katibi Valter Şvimmer Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycan hökumətini jurnalistlərin və siyasi fəalların təhlükəsizliyinin təmin edilməsi barədə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyə çağırıb. Valter Şvimmer Azərbaycanda seçkilərdən əvvəlki proseslərin Avropa standartlarına uyğun olmadığını qeyd edib. O deyib ki, seçkiqabağı kampaniya zamanı namizədlərə bərabər imkan verilməsi gerçəkləşməyib və yaranmış şərait narahatlığa səbəb olub. O, Azərbaycanda seçkilərdə baş verən pozuntular barədə sualımıza cavabında bildirib ki, ATƏT və Avropa Şurasının birgə missiyasının müəyyən etdiyi nəticələrə görə, seçki məntəqələrinin çoxunda səsvermə yaxşı təşkil edilib, ancaq beynəlxalq müşahidəçilər səslərin sayılmasında və nəticələrin hazırlanmasında bəzi pozuntulara işarə etmişlər ki, Avropa Şurasına üzv olan bir ölkədə belə hallar baş verməməlidir. Buna görə də gələcəkdə bu istiqamətdə tədbirlər görülməsinə ehtiyac var. Cənab Şvimmer müxalifət liderləri və jurnalistlərin həbs olunmaları, onlara qarşı polisin həddən artıq güc işlətməsindən, müxalifət qəzetlərinin ələ keçirilməsi barədə xəbərlərdən narahatlığını bildirmişdir. Azərbaycanda seçkilərdən sonra jurnalistlərin, müxalifət liderlərinin həbs olunması, nümayişçilərə qarşı polisin həddən artıq qüc işlətməsi və müxalifət qəzetlərinin ələ keçirilməsi dərin narahatlığa səbəb olur. Cənab Şvimmer qeyd edib ki, o həmin hadisələrin araşdırıldığını görmək istəyir. Avropa Şurasının Baş katibi Azərbaycan rəhbərliyinə müraciət edirək jurnalistlərin və müxalifət liderlərinin təhlükəsizliyini təmin etməyə və onların peşəkar fəaliyyətlərinə imkan verməyə çağırır: "Mən ümid edirəm ki, Azərbaycanın rəhbərliyi mənim müraciətimə müsbət cavab verəcək. Mən həm müxalifətə və həm də hökumətə müraciət edirəm ki, ehtiyatla hərəkət etsinlər və provokasiyalara cavab verməsinlər." Cənab Şvimmer yaranmış vəziyyətin Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə nə şəkildə təsir göstərəcəyi barədə sualımızın cavabında deyib ki, “Mən sanksiyalar, müntəzəm olaraq riayət etməmənin nəticələri barədə yox, Avropa standartlarına çata bilməsi üçün bu ölkəyə nə şəkildə kömək edə biləcəyimiz barədə danışmaq istəyirəm.”

XS
SM
MD
LG