Əfqanıstanın müvəqqəti hökuməti uzun zamandır gecikdirilən yeni konstitusiya layihəsini açıqlayıb. Sənəd islamçı və dünyəviçi qrupların barışığına yol açacaq siyasi bir sistemin qurulmasına yardım etməlidir.Əfqanıstanı islam respublikası kimi qələmə verən konstitusiya layihəsi prezident Hamid Karzaya Kabildə təşkil edilən mərasim zamanı təqdim edilmişdir. Layihəni hazırlayan komissiya bildirir ki, konstitusiya islam prinsiplərinə əsaslanır və heç bir qanun müqəddəs islam dini əleyhinə gedə bilməyəcək. Komissiya bundan əlavə, yeni konstitusiyanın Əfqanıstanda mövcud olan bütün dinlərə azadlıq verdiyini də deyib. Konstitusiya “Loya Cirgə” və ya Baş Assambleya tərəfindən dekabr ayında rəsmən təsdiq edilməli və gələn il seçkilərinə zəmin yaratmalıdır. Əsas qanunda parlamentin yuxarı və aşağı palataları, habelə prezident və vitse-prezident vəzifələrinin təşkili irəli sürülür. Uzun müddət gecikdirilən layihə BMT-nin Təhlükəszlik Şurasının nümayəndə heyətinin Kabil səfəri vaxtı açıqlanıb. Nümayəndə heyətinin səfəri Əfqanıstanda yenidənqurma işlərinə BMT-nin dəstəyini nümayiş etdirir.