Accessibility links

İtaliya ölən əsgərlərə matəm saxlayır  - 2003-11-13


İraqın cənubunda xeyli insan tələfatına yol açmış İtaliya hərbi polis bazasına intihar bomba hücumundan sonra İtaliyada matəm elan edilib. 18 polis nəfərinin ölümü italiyalıları şok vəziyyətinə salıb. Dünən Nəsiriyyə şəhərində İtaliyanın hərbi polis nəfərlərinin və 9 iraqlının ölümünə yol açmış partlayışdan sonra İtaliyada bayraqlar endirilib, Karabinerlərin qərargahında əklillər qoyulub. Ölənlərin 12-i polis nəfəri, 4-ü əsgər, ikisi mülki şəxslər idi. Karabinerlərə minlərlə baş sağlığı telefon zəngi və mesajları gəlib. Onların çoxu radio və televiziyada oxunub. General Guido Bellini hərbi rəsmilərin çoxunun bölüşdüyü hissləri belə ifadə edib. “Bu, vəhşi terror hücumu nəticəsində yaranmış çox çətin bir məqamdır. İtaliyalılar sülh missiyasına getdiklərinə inandıqları həmvətənlərini anır.” Hücum İkinci Dünya Müharibəsindən sonra İtaliyada ən böyük hərbi tələfatla nəticələnib. İtaliya höküməti matəm gününün vəfat edənlərin torpağa tapşırılacağı günə təsadüf edəcəyini elan edib. Lakin bunun üçün gün hələ müəyyən edilməyib. Müdafiə naziri Antonio Martino hücumun həyata keçirildiyi yerə baş çəkmək və yaralılarla görüşmək üçün cənubi İraqa gedib. Onun dediyinə görə, bu hücumun ABŞ-da 2001-ci ilin sentyabrın 11-dəki hücumlara nə qədər oxşar olduğu ona təsir edib. “Bunlar eyni adamlardır. Bunlar bizim əleyhinə mübarizə apardığımız adamlardır. Biz onlara imkan verməyəcəyik ki, bizi qorxu içində saxlasınlar.” Nəsiriyyə şəhərinə əlavə 50 karabiner göndərilib. Lakin bəzi italiyalı siyasətçilər qoşunların nə zaman ölkəyə qaytarılacağı barədə debatların keçirilməsinə çağırır. Müxalifətin böyük hissəsi İtaliyanın İraqdakı missiyasının təkrar nəzərdən keçirilməsinə çağırır.

XS
SM
MD
LG