Accessibility links

Mosul üzərində iki Amerika vertolyotu qəzaya uğradı - 2003-11-16


Birləşmiş Ştatların İraqdakı rəsmiləri iki hərbi vertolyotun toqquşması nəticəsində 17 əsgərin həlak olduğu, 5 əsgərin yaralandığı və birinin itgin düşdüyünü bildirirlər. İki vertolyot dünən günəş batandan bir qədər sonra Mosul şəhərinin qərbindəki yaşayış məntəqəsinə düşmüşdür. Yerdəki tələfat barədə məlumat verilməyib. Şahidlərin bildirdiyinə görə, düşmənin qüvvələri vertolyotun birinə qumbara atan raketlə ilə zərbə endirmişlər. Lakin Birləşmiş Ştatların rəsmiləri vertolyotların qəzaya uğraması ilə bağlı təhqiqatı davam etdirərək bildiriblər ki, onlardan biri düşmən atəşindən yayınmağa çalışan vaxt o biri vertolyota toxunmuş və bunun nəticəsində hər ikisi qəzaya uğramışdır. Son üç həftə ərzində Amerikanın beş vertolyotunun qəzaya uğraması nəticəsində 39 əsgər həlak olmuşdur. Onların 16-ı Chinook növlü təyyarənin düşmən tərəfindən vurulub salınması nəticəsində həlak olmuşdur. Bu arada, Birləşmiş Ştatların hərbi qüvvələri Kərkukun qərbində vaxtilə hakimiyyətdən devrilmiş Səddam rejiminin təlim düşərgəsi kimi istifadə etdiyi obyektə raketlə zərbə endirdiklərini bildirirlər. Bu, may ayının birində prezident Buş İraqda əsas hərbi əməliyyatların bitdiyini elan etdikdən sonra düşmən qüvvələrinə qarşı həyata keçirilən ilk raket hücumudur. Tələfat barədə hələlik məlumat verilməyib. Hücum iki vertolyotun havada toqquşmasından bir neçə saat sonraya təsadüf edir.

XS
SM
MD
LG