Baqdadın şimalında iki polis məntəqəsinə maşınlarla edilən intihar hücumları nəticəsində azı 18 nəfər həlak olub. Birləşmiş Ştatların rəsmiləri deyirlər ki, birinci intiharçı maşınını Baguba polis məntəqəsinin yaxınlığında partlatması nəticəsində onlarla polis və mülki vətəndaş həlak olmuş və yaralanmışdır. Bu hücumdan bir neçə dəqiqə sonra digər bir intiharçı maşınını sürətlə Bagubanın 20 kilometr cənubundakı Xan Bani Səad polis məntəqəsinə tərəf sürərkən polislər onu atəşə tutmuşlar. Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, ikinci hücumun nəticəsində də bir neçə polis və mülki vətəndaş həlak olmuş və bədən xəsarəti almışlar. Bu hücumların hamısı Birləşmiş Ştatların başçılığı altındakı koalisiya qüvvələri ilə əməkdaşlıq edən iraqlılara qarşı çevrilib. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri həmçinin bildirirlər ki, bir təyyarə Baqdad Beynəlxalq Hava Limanından uçandan az sonra raket hücuma məruz qaldığına görə yerə enməyə məcbur olmuşdur. Təyyarənin komanda heyətinə zərər dəyməyib. Baqdad hava limanından uçan və ya limana enən təyyarələr bir neçə dəfə yaraqlılar tərəfindən raket atəşinə məruz qalıblar.