Accessibility links

Kipr insan alverinin mərkəzidir  - 2003-11-27


Kipr hökumətinin açıqladığı hesabatda göstərilir ki, ada insan alveri sənayesinin mərkəzinə çevrilib. Hökumətin hesabatı Kiprin insan hüquqları müdafiəçilərinin iki illik təhqiqlarına əsaslanır. Hesabat Kiprin Avropa Birliyinə üzv olmasına altı ay müddətin qaldığı bir vaxt həm Nikosiyada, həm də Brüsseldə narahatlıqla qarşılanıb.

Hər il şərqi Avropa və keçmiş Sovet İttifaqından iki mindən artıq qadın Kipr ərazisindən keçib sonradan Avropa və ərəb ölkələrində fahişəliklə məşğul olmağa vadar edilir. Kipr hökumətinin ombudsmanı İliana Nikolayeunun sözlərinə görə, yoxsul ölkələrdən gələn bu qadınların çoxu ev təmizləmək, uşağa baxmaq kimi işlər görmək istədikləri halda, zorla seks sənayesinə cəlb olunurlar. Hesabatda problemə görə Kipr hökumətinin məsuliyyət daşıdığı deyilir. Belə ki, hüquq müdafiəçiləri Mühacirət nazirliyini minlərlə qadının seksual təcavüzə məruz qalacağını bilərək onlara iş icazəsi verməkdə günahlandırırlar. Amerikanın Səsinə müsahibədə Kiprin ədliyyə naziri Doros Teodorou problemin mövcud olduğunu etiraf edir. Lakin nazir Kiprin digər ölkələrdən qadın alveri üçün tranzit yer olduğu fikrini qəbul etmir. “Bu qadınların Kiprdə qaldıqdan sonra başqa ölkələrə keçməsi doğru deyil və reallığı əks etdirmir. Onların demək olar ki, hamısı, 97 faizi kontrakları bitdikdən sonra öz ölkələrinə qayıdır və yalnız üç faizi Livana və 0,5 faizi Suriyaya gedir. Mənim dediyim odur ki, Kipr qadın alveri üçün mərkəz kimi istifadə edilmir.” Lakin hüquq müdafiəçiləri hesabatın həqiqətə uyğun olduğuna təkid edirlər. Onlar deyir ki, Kipr seks sənayesinə cəlb edilmiş qadınlar üçün son dayanacaq olmaqla yanaşı, həm də digər ölkələrə keçmək üçün tranzitdir. Qərargahı Moksvada yerləşən hüquq müdafiə qrupuna əsasən, hər il Rusiyadan təxminən 50 min qadın xarici ölkələrdə saxta iş təklifləri əsasında seks sənayesinə düşmüş olur.

XS
SM
MD
LG