Accessibility links

Fələstinlilər və İsrailin sülh fəalları polislə toqquşub - 2003-12-03


Qüdsdən şərqdə yeni yəhudi yaşayış kompleksinin inşasını dayandırmaq məqsədilə İsrailin sülh fəalları və fələstinli nümayişçilərlə polis arasında toqquşma baş verib. Polis nümayişçiləri dağıtmağa çalışan zaman onlarla adam öz bədənilə buldozerləri dayandırmağa cəhd görstərmişdir. Şahidlər azı bir adamın yaralandığını deyirlər. Plana əsasən, ərəblərin Cəbəl Müxabir kəndi yaxınlığında 400 yeni evin inşası nəzərdə tutulur. Keçən həftə başlanan tikinti işlərinə etiraz edənlər bunun qeyri-qanuni olduğunu və Birləşmiş Ştatların təklif etdiyi “yol xəritəsi” adlı sülh planı ilə bir araya sığmadığını deyirlər. Sülh planı işğal olunmuş ərazilərdə yəhudi yaşayış komplekslərinin inşasını dayandırmağa çağırır. İsrail 1967-ci ildən şərqi Qüdsü işğal etmişdir. “Vaşinqton Post” qəzetinin bugünkü nömrəsində yaşayış komplekslərinin salınmasının monitorinqini aparan qruplara əsasən, İsrailin bu il yəhudi yaşayış komplekslərində min yeddi yüz yeni evin inşasına razılıq verdiyini yazır. Qərargahı Vaşinqtonda yerləşən Yaxın Şərq Sülh Fondu bildirir ki, bu, iki il əvvəl İsrail “yol xəritəsi” sülh planını qəbul etməmişdən göstərilən rəqəmlə demək olar ki, eynidir. Beynəlxalq ictimaiyyət əsas etibarilə Şərqi Qüdsdə, habelə İordan çayının Qərb sahili və Qəzza zolağındakı yəhudi yaşayış komlekslərinin qeyri-qanuni inşa edildiyini hesab edir. İsrail bununla razı deyil.

XS
SM
MD
LG