Accessibility links

Senator Kerri Ayova kokusunun qalibi oldu - 2004-01-20


Demokratların prezident seçki kampaniyasının ilk tədbirində senator Con Kerrinin gözlənilməz qələbəsindən sonra indi namizədlər Nyu Hempşirdə ikinci sınağa hazırlaşırlar. Demokratların prezidentliyə namizədləri ştat səviyyəsində ilkin seçkilərə hazırlaşmaq üçün Ayovadan Nyu Hempşirə gəlmişlər. Senator Con Kerri Ayova kokusundan sonra səslərin 38 faizini alaraq birinci yerdə gedir. Nyu Hempşirdə kampaniyanın növbəti mərləsindən əvvəl keçirilmiş rəy sorğuları onun qələbə çalacağını vəd etmir. Lakin bu gün tərəfdarları ilə görüşən senator Kerri Ayovadakı qələbəsini burada da əldə edə biləcəyinə ümid etdiyini dedi. “Bu ştatda mənin məğlub ola bilməyimə baxamayaraq, mən hələ mübarizəyə başlamamışam və burada nə edə biləcəyimizi tam mənasında göstərə bilməmişəm.”

Demokrat partiyasından digər namizəd Con Edvards bu gün NBC televiziyasına müsahibəsində Ayovada 32 faizlə ikinci yerə çıxmasını qeyri-adi qələbə adlandırdı. “Mən ölkənin hər yerində bu böyük təkanverici qüvvəni, hərəkatı və oyanışı görürəm. Hər şey mümkündür, amma mən burada, Nyu Hempşirdə var qüvvəmlə çalışacam.”

Vermont ştatının qubernatoru Hovard Din Ayovaya kampaniyanın aparıcı namizədi kimi gəlmişdi, lakin kokusdan sonra üçüncü yerə çıxdı. Uğursuzluğunun səbəbini qubernator Din digər namizdələr tərəfindən kəskin tənqidlərə məruz qalması ilə izah edir. “ Mən öndə gedirdim və kimin deməyə hansı tənqidi vardısa, hamıdan bu tənqidləri qəbul edirdim.” Ayova kokusu Birləşmiş Ştatlarda noyabrda Amerika prezidentini seçmək üçün seçicilərin seçki məntəqələrində səs verməsilə nəticələnən prezident seçkisi dövrünün başlanğıcıdır.

Demokratlar indi ölkə səviyyəsində mübarizəyə hazırlaşırlar. Nyu Hempşirdən sonra digər ştatlarda da partiya konfransları və ilkin seçkilər keçiriləcək. Demokratlar partiyadan rəsmi olaraq prezidentliyə namizəd seçilmək üçün kifayət qədər nümayəndənin səsini almalıdır. Respublikaçılar partiyasında isə prezident Buşun yenidən seçilməsi üçün ona rəqib ola biləcək namizəd yoxdur.

XS
SM
MD
LG