Amerika mətbuatının icmalı
Prezident Buşun 2001-ci il, Sentyabrin 11-ində baş vermiş məlum terror hadisəsindən başladiği qlobal anti-terror mücadiləsi xarici siyasət sferasının hazırkı prezident yarışında mühüm yer tutması ilə nəticələnib. Əgər Bill Klinton və ata Buş arasındakı prezident yarışı iqtisadiyyata, oğul Buş və Al Gore arasındakı siyasi mübarizə milli-mədəni dəyərlərə əsaslanırdısa, tam əminliklə demək olar ki, 2004-cu il seçki kampaniyasında milli təhlükəsizlik məsələsi ən başlıca yeri tutur. Bəs namizədlərin bu məsələdə mövqeyi nədir və onlar Amerika seçicilərini oz mövqelərinin daha düzgün olduğuna necə inandıra bilərlər?
Glenn Kesslerin Vashington Post qəzetində yazdığı məqaləsində Demokrat Partiyasının namizədi John Kerrynin xarici siyasət barədə duşuncələri geniş təhlil olunur. Müəllifin fikrincə, cənab Kerrynin fəlsəfəsi xarici ölkələrlə sıx əlaqələr saxlanılması, qarşılıqlı anlaşma və dialoq fikirləri uzərində qurulub. Cənab Kerry son illərdə təkrar-təkrar Prezident Buşu təşəxxüslü və təkbaşlı siyasət aparmaqda günahlandırıb. “Əgər Con Kerrynin keçmiş siyasi fəaliyyətinə nəzər salsaq görərik ki, burda təəccüblü heç nə yoxdur” deyə müəllif əlavə edir. Senatda olduğu 20 il ərzində Massaçusetsli Demokrat daim Amerikanın maraqlarının beynəlxalq institutlar və danışıqlar çərçivəsində təmsil olunmasına tərəfdar olub. Cənab Kerry Nikaraquada Sandinistalarla, Vyetnamda Kommunistlərlə, İranda isə mollalarla əlaqə qurmağın tərəfdarı olub. Həmçinin o, 1991-ci ildə Prezident George Herbert Buşu imperial-sayaq “Pax Amerikana” siyasəti aparamqada suçlayaraq, Amerikanın Səddama qarşı apardığı körfəz müharibəsinin əleyhinə çıxmışdır. Senator Kerry bu mövqeyi onunla əsaslandırır ki, Amerikanın öz dəyərlərini başqa millətlərə zorla sırıması düzgün deyil.
Karnegi Beynəlxalq Sülh Fondunun baş mütəxəssisi Robert Kaganın fikrincə son bir neçə ildə Prezidentliyi qarşıda məqsəd qoyaraq, Cənab Kerry xarici siyasət üzrə öz movqeyində kəskinliyə doğru dəyişikliklər etməyə başlamışdır. Amma söhbət, cənab Kaganın fikrincə, Con Kerrynin ürəyinin harda olmasından gedir. Burda isə mütəxəssis belə düşünür ki, Con Kerrynin ürəyi 70 və 80-ci illərdə anti-müharibə təmayülü ilə seçilən solçuların yanındadır.
Təbii ki, terrora qarşı müharibədə bulunan Amerikada Cənab Kerrynin nisbətən pasifist baxışları hakimiyyətdə olan Respublikaçılar tərəfindən Demokratların zəifliyi kimi göunur və cənab Buş bundan maksimum öz xeyrinə istifadə etməyə çalışır. Boston Globe qəzetinin yazarı Vayne Vaşinqton Prezident Buşun dünən Flordiada keçirdiyi ilk seçki nümayişindən yazaraq, Respublikaçıların Kerriyə qarşı ciddi kampaniyaya başladıqlarını qeyd edir. Belə ki, dünən Orlandoda öz tərəfdarları qarşısında çıxış edən Buş cənab Kerryni həm vergilər həm də milli müdafiə məsələsində ciddi tənqid atəşinə tutaraq Demokrat Senatorun Amerikanı terrorizmdən qorumaq iqtidarında olmadığını bəyan edib. “Əgər Amerika bu onillikdə zəiflik ve ya qeyri müəyyənlik nümayiş etdirsə, onda dünya faciəyə doğru sürüklənəcək. Nə qədər ki, mən prezidentəm bela olmayacaq,” deyə Prezident Buş seçicilərə özü və Con Kerry ilə arasındakı fərqi açıqlamağa çalışıb.
Nümayiş iştirakçıları arasında Kursonlar ailəsi müsahibə zamanı Prezident Buşun dəyərlərini bölüşdüklərini söyləyiblər. Onların ən çox xoşlarına gələn Prezident Buşun terrora qarşı mübarizədə tutduğu sərt mövqedir. “Cənab Buşun prezidentlik kürsüsündə oturduğunu bilmək mənə gecələr rahat yatmağa imkan verir,” deya xanim Hillari Kurson qeyd edib.