Accessibility links

Prezident Buş və Senator Kerri bir-birini tənqid edirlər - 2004-04-04


Prezident Buş və onun Demokrat Partiyasından olan rəqibi Con Kerri Şənbə günü iqtisadiyyatla bağlı bir-birini tənqid atəşinə tutublar.

Prezident Buş bəyan edir ki, keçən ay 300 min yeni iş yerinin açılması Amerika iqtisadiyyatı dirçəlişinin qüdrətli təsdiqidir. O, öz çıxışında söyləyib: “Bizim iqtisadiyyatımız getdikcə güclənir. İnsanlar iş tapırlar, millətin gələcəyi parlaq görünür. Amerika ailələrinin və işçilərinin nikbin olmağa əsasları var.”

Son ayın iş artımı keçən 4 ildə ən yüksək rekorddur, hərçənd ki, işsizliyin səviyyəsi azacıq yuxarı qalxıb. İqtisadiyyatın vəziyyəti, xüsusilə də iş artımı, prezidentin yenidən seçilmə şansında mərkəzi yeri tutur. Demokratlar cənab Buşu o, prezident olduğu vaxtdan bəri 2 milyon iş yerinin itirilməsində günahlandırırlar.

Demokrat Partiyasının radio müraciətində, Senator Kerri söylədi ki, istehsal sahəsində işlərin itirilməsinə baxmayaraq prezident müvəffəqiyyət əldə etdiyini bəyan edir. Con Kerri sonra əlavə edib: “Həqiqət budur ki, bu administrasiya yeni iş yerlərinin yaradılmasını və hazırda mövcud olan işlərin qorunmasını özünə prioritet kimi seçməyib.”

Senator Kerri 4 il müddətində 10 milyon yeni iş yeri yaradacağını söz verib. O, bunu bizneslərə xaricdəki ucuz əməkdən istifadə etməyə sövq edən vergi stimullarını ləğv etməklə həyata keçirməyi nəzərdə tutur. “Maşınlardan tutmuş komputer avadanlıqlarınacan və zəngetmə mərkəzlərinəcən, milyonlarla Amerikalı öz işlərinin xaricə axmasının seyrçisi olmuşlar. Biz qlobal iqtisadiyyatdan geri çəkilə, hər itirilmiş sənayeni qaytara, və ya hər işi qoruya bilmərik. Amma biz indikindən daha yaxşı nəticələr əldə edə bilərik.”, deyə o, Buş administrasiyasını tənqid edib.

Prezidentin iqtisadi planı həmçinin kiçik biznes sahibkarlarına yardım etməyi nəzərdə tutur. Amma cənab Buş Senator Kerrinin varlı Amerikalıların bu yaxınlarda endirilmiş vergilərinin artırması planını rədd edir. O, deyir ki, məhz rekord vergi endirimləri iqtisadiyyatı dirçəlişə gedən yola qoyub və o, Konqresin bu vergi endirimlərinə daimi status verməsini istəyir.

Cənab Buş söyləyib: “Bu vergi endirimi çox mühümdür, çünki bütün işçilər öz qazandıqlarının daha çox hissəsini saxlayırlar, və Amerikada yeni iş yerlərinin əksəriyyətini yaradan kiçik bizneslər genişlənmək və adamları işə tutmaq üçün resurslar əldə edirlər. Bizim iqtisadiyyat yeni iş yerləri əlavə etdikcə, gərəkdir ki, biz bütün Amerikalıların bu yeni imkandan istifadə etməsi üçün şərait yaradaq.”

Qarşıdan gələn həftədə Cənab Buş Arkansas və Cənubi Karolina ştatlarında seçki kampaniyası fəaliyyəti ilə məşğul olacaq. Keçiriləcək tədbirlər Buş administrasiyasının federal iş treninqlərinin islahatı və orta məktəb və universitet tələbələrinin dəyişməkdə olan işçi qüvvəsinə daha yaxşı uyğunlaşması üzrə səylərini işıqlandıracaq.

XS
SM
MD
LG