Demokrat partiyasından prezident seçkilərində rəsmən namizəd olacağı gözlənilən senator Con Kerri prezident Buşun İraqla bağlı fəaliyyətini tənqid atəşinə tutub. Vaşinqtonda müxbirlərin suallarına cavab verən senator Kerri deyib ki, prezident Buş İraqda baş verənləri, onun sözlərilə, qarmaqarışıqlıq adlandırmaqdan inadkarcasına imtina edir. Con Kerri bildirib ki, administrasiya BMT-nin iştirak edəcəyi İraqın özünü-idarəsi ilə bağlı planda nəzəri deyil, praktiki məsələləri nəzərə almalıdır. Senator Kerrinin bəyanatı prezident Buşun İraqda siyasi özünü-idarəyə keçid üçün iyunun 30-u kimi müəyyən edilmiş tarixə sadiq qaldığını bildirməsinə reaksiya olaraq verilmişdir. Prezident Buş habelə İraqda fəaliyyətlərini müdafiə etmiş və ölkədə demokratiyanın qurulması istiqatməində səyləri davam etdirəcəyinə söz vermişdir.