Accessibility links

Şimali Koreya Cənubi Koreyanı danışıqlara çağırlr - 2004-05-12


Pekində Şimali Koreyanın nüvə silahı proqramı ilə əlaqədər altıtərəfli danışıqlar bir nəticə əldə edilmədən başa çatmışdır. Amerikanın səsinin müxbiri Luis Ramirez Pekindən xəbər verir ki, digər tərəfdən Şimali Koreyanın yüksək səviyyəli hərbi rəsmiləri bu ay Cənubi Koreya ilə danışıqlar aparmağı təklif etmişlər. Şimali Koreya bildirir ki, onun generalları may ayının 26-da Cənubi Koreyalı həmkarları ilə görüşməyə hazırdırlar. Kommunist Şimali Koreya ilə demokratik Cənubi Koreya artıq yarım əsrdən çoxdur ki, müharibə şəraitində yaşayırlar. İllərdir ki, Cənubi Koreya Şimalı hərbi danışıqlara çağırır. Seul indiyə qədər Şimali Koreya ilə dənizdə hərbi qarşıdurmadan çəkinib. Lakin münaqişəli dəniz sərhədlərində hərdən toqquşmalar baş verib. Keçən həftə hər iki tərəf hərbi danışıqlara başlamağa razı olduqlarını bildirmələrinə baxmayaraq hələ ki, danışıqların vaxtı təyin edilməyib. Eyni zamanda Pekində Çinin, Yaponiyanın, Rusiyanın, hər iki Koreyanın və Birləşmiş Ştatların nümayəndələri Pxenyanın nüvə silahı proqramı haqda danışıqlar aparırlar. Bu danışıqlar irəlidə keçiriləcək yüksək səviyyəli danışıqların növbəti mərhələsinə hazırlıqdır. Qeyd edək ki, bundan əvvəlki danışıqlar heç bir nəticə verməmişdi. Birləşmiş Ştatlar da daxil edilməklə altıtərəfli danışıqların məqsədi Şimali Koreyanı nüvə silahı proqramının ləğvinə çağırmaqdır. Şimali Koreya isə bunun əvəzində təhlükəsizlik zəmanəti və iqtisadi yardım tələb edir. Seulun Koreya Milli Müdafiə Universitetinin professoru Yanq Sap Hanın dediyinə görə bu görüşdə Şimali Koreyanın nümayəndə heyəti daha çox kompromis əldə etmə imkanlarını yoxlamaq niyyətində olacaq. Birləşmiş Ştatlar bu həftə Şimali Koreyanın nüvə silahları proqramının birdəfəlik ləğv edilməsini və bunun müstəqil mütəxəssislər tərəfindən yoxlanılmasını tələb edir.

XS
SM
MD
LG