Accessibility links

Con Kerri vitse-prezidentlik üçün Con Edvardzı seçdi - 2004-07-06


Bu gün Amerikanın siyasi həyatında mühüm hadisə baş verib. Uzun sürən spekulyasiyalardan sonra Demokrat Partiyasının vitse-prezidentliyə namizədi məlum olmuşdur. Demokrat Partiyasının prezidentliyə namizədi Con Kerri Çərşənbə Axşamı səhər özünün bir vaxtlar praymerizdə rəqibi olmuş Con Edvardzı vitse-prezidentliyə namizəd tərəfdaşı kimi seçib. Varlı sabiq məhkəmə vəkili, və Şimali Karolinadan yenicə seçilmiş senatoru “cəsur və siyasi baxımdan bacaraqlı” adlandıran Kerri əmin olduğunu bildirmişdir ki, o, Con Edvardzla birlikdə Amerikanı işıqlı sabaha aparacaq.

Kerri Pittsburq şəhərində keçirilən nümayişdə öz seçimini elan etdikdən dərhal sonra, nümayiş iştirakçıları Prezidentliyə namizədi sürəkli alqışlarla qarşılayaraq əvvəlcədən hazırladıqları, lakin əllərində qapalı saxladıqları “Kerri-Edvards” lövhələrini əlləri ilə göyə qaldırdılar. “Mən ümid edirəm ki, mənim bu addımınm sizin rəğbətinizlə qarşılandı,” deyə gülümsəyən Kerrinin arxasında iri “Kerri-Edvardz: Daha Öüdrətli Amerika” plakatı açıldı.

Qeyd edək ki, 51 yaşlı Con Edvardz Senata Şimali Karolina ştatından 1998-ci ildə seçilib. O, bu il qərara gəldi ki, Senata keçirilən seçkilərdə yenidən iştirak etməsin, və əvəzində prezidentlik uğrunda yarışa qatılsın. Demokrat partiyasının daxilində keçirilən praymeriz zamanı Con Edvardzın yeganə qalib gəldiyi yer öz doğma ştatı Şimali Karolina idi.

Mütəxəssislərin fikrincə, şirindilli Cənublu populist Edvardzı öz tərəfdaşı kimi seçməklə Kerri öz seçki kampaniyasını canlandırmağa, və kiçik qəsəbələrdə yaşayan Amerikalılar arasında nüfuzunu yüksəltməyə ümid edir. Öz tənqidçiləri tərəfindən soyuq və təkəbbürlü adam kimi təsvir edilən Con Kerri, kasıb ailədə boya başa çatmış Edvardzı tərəfdaş seçməklə aşağı sinifli Amerikalılarla körpü qurmaq istəyir. Belə ki, Senator Edvardzı nikbin baxışları və energetik kampaniya stili ona Demokrat seçicilər arasında qısa bir zamanda böyük şöhrət gətirib.

Senator Edvardz siyasətə daxil olmamışdan əvvəl məhkəmə vəkili idi və o, bir sıra yuxarı profilli məhkəmə işlərini udmaqla özünə ad qazanıb. Siyasi mütəxəssislərin fikrincə Con Edvardzın vitse-prezidentliyə namizədliyinin həm müsbət həm də mənfi tərəfləri var. Virciniya Universitetinin professoru Larry Sabato deyir:

“Edvardz özü ilə kampniyaya mövcudluğuna ehtiyac duyulan çoxlu enerji və xarizma gətirir. Gəlin açıq danışaq; Kerrinin bir elə xarizması yoxdur.”

Amma cənab Sabatonun dediyinə görə eyni zamanda Respublikaçılar nisbətən təcrübəsiz Edvardzın vitse-prezident vəzifəsinə yararlığı haqda bir çox suallar qaldıracaqlar. Belə ki,Edvardz Senatda yalnız bir növbə xidmət edib və onun siyasi səhnədəki fəaliyyəti geniş olmayıb.

Xatırladaq ki, Senator Edvardz Pitsburqda keçirilən nümayişdə iştirak etməyib, amma onun qarşıdan gələn həftədə Senator kerri ilə birlikdə kampaniyaya çıxacağı gözlənilir. Kerri-Edvardz birgə namizədliyi bu ayın sonunda Bostonda keçiriləcək Demokrat partiyasının konvensiyasında təsdiq olunacaq.

XS
SM
MD
LG