Dünən Mərkəzi Kəşfiyyat idarəsinin direktoru vəzifəsini icra edən Con Maklaflin bəyan edib ki, sentyabrın 11-i hadisələrini tördən təyyarə qaçıranlardan 9-u ABŞ-a gəlmək üçün Əfqanıstandan İran ərazisinə keçib. Lakin Amerika rəsmisinin bildirdiyi kimi, bu, İranın terror əməliyyatı ilə birbaşa əlaqəsi olduğu demək deyil. Bu gün isə prezident Buş bəyan edib ki, ABŞ İranın sentyabrın 11-i terror hücumlarında rolu olub-olmadığını təhqiq edir. Belə bir şəraitdə Birləşmiş Ştatlarda xarici siyasət məsələlərilə məşğul olan nüfuzlu qrup Vaşinqtonu İranla 25 illik düşmən münasibətlərə son qoyub bir sıra məsələlərdə ciddi fikir ayrılıqlarına baxmayraq, yeni diplomatik addımlar atmağa çağırıb. Xarici Əlaqələr Şurasının bu gün açıqladığı bəyanatda deyilir ki, Amerika Birləşmşi Ştatları İranla siyasi dialoq yaratmaqdan çəkinməməlidir. Təhlilçilər İranla bağlı siyasət üzərində işləmək üçün Buş administrasiyasına təzyiqlərin artdığını göstərirlər. Birləşmiş Ştatların İranla bağlı siyasəti prezident Buşun üç il bundan əvvəl “şər mehvəri” adlandırdığı ölkələrlə müqayisədə təzad təşkil edir. Buş administrasiyası İraqda Səddama qarşı müharibəyə başladı, indi isə Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlar aparır. Mütəxəssislər hesab edir ki, administrasiyanın hakimiyyətdə birinci müddətinin bitməsinə altı ay qalmasına baxmayaraq, hələ də İranla bağlı strategiya hazırlanmayıb. İran-Amerika şurasının və Yaxın Şərq mərkəzinin prezidenti doktor Huşəng Əmir Əhmədi hesab edir ki, administrasiya daxilində İran məsələsinə münasibətdə vahid fikir mövcud deyil. “Burada neo-mühafizəkarlar var ki, onlar məsələni İraqda olduğu kimi həll etməyə meyllidirlər. Bu mövqe administrasiya İraqda ciddi problemlərlə qarşılaşmamışdan əvvəl daha güclü idi. İraqda baş verənlər ABŞ hökumətini İranla bağlı məsələlərdə iflic vəziyyətinə saldı. Hətta elə bir vəziyyət yaranıb ki, Dövlət Depratamentinin İran şöbəsində aylarla bir nəfər də tapmaq mümkün deyil.”
Xarici Əlaqələr Şurası ABŞ hökumətini Tehrana münasibətdə sistematik və praqmatik siyasət yetriməyə çağırır. Şurasının bəyanatında deyilir ki, ABŞ-ın hazırkı siyasəti və İranda hökumətin dəyişəcəyini gözləmək qeyri-realdır. Lakin təhlilçilərin bir hissəsi hesab edir ki, bu gün İranla müxtəlif mövzular ətrafında dialoqun qurulması da özü-özlüyündə qeyri-real görünür. İran-Amerika şurasının prezidenti Əmir Əhmədinin fikrincə, burada əsas məsələ Amerikanın məqsədinin İranla münasibətləri normallaşdırmaq iolduğunu göstəmərindən ibarətdir. “Münasibətləri nomallaşdırmaq deyil, nomallaşdırmaq istəyi əsasdır. Belə bir məqsədin olduğu heç bir zaman açıqlanmayıb. Bir də ki, İranda istəmirlər ki, Amerika onlara nə etmək lazım olduğunu desin. İranlılar deyir ki, yaxşı, tutaq ki, siz bizə dediniz bunu edin və biz də etdik. Bəs sonrası nə olacaq. Amerika-İran münasibətlərində sonrakı mərhələ nədən ibarətdir. Administrasiya bu suala cavab verə bilmir.” Bəzi təhlilçilər hesab edir ki, üç ildir İranla bağlı formal siyasi kursun olmadığı bir vaxt hazırkı şəraitdə belə bir strategiyanın hazırlanması üçün məqam yetişib. Digər tərəfdən, təhlilçilərin demək olar ki, hamısı bu fikridədir ki, bu seçki ili administrasiya xarici siyasət kursunda dəyişikliklər etməyəcək. Buna görə də, Corc Taun universitenin professoru, respublikaçılar partiyasının üzvü doktor Söhrab Sübhaninin fikrincə, İranla bağlı siyasi xətt yəqin ki, seçkilərin nəticələrindən asılı olaraq müəyyənləşəcək. Mühafizəkarlar və islahatçılar arasında hazırda daha da ciddi fikri ayrılıqları da Vaşinqtonun İran siyasətinin formalaşmasına heç bir şəkildə yardım göstərmir və Amerikanın İranla bağlı siyasətinin olmaması bəzi təhlilçilərin fikrincə, bu il sərt xətt tərəfdarlarının hakimiyyətə keçməsi ilə Tehranın müəyyən dərəcədə keçid dövründə olması ilə izah edilir. Mütəxəssislərin fikrincə, hələlik Buş administrasiyası BMT-nin nüvə agentliyilə tam əməkdaşlıq etməsi üçün Tehran təzyiqlər göstərməyə davam edəcək.