Accessibility links

Kolin Pauel Olimpiya oyunlarının bağlanışı mərasiminə getməyəcək - 2004-08-28


Birləşmiş Ştatların Dövlət Katibi Kolin Pauel Afina yay olympiya oyunlarının bağlanışı mərasimində iştirak etməyəcək. Dövlət Departamenti bildirib ki, cənab Kolin Pauelin gündəliyi dolu olduğuna görə o, Yunanıstana nəzərdə tutduğu səfəri təxirə salıb. Yunanıstanın Xarici İşlər Nazirliyi bəyanatında qeyd edib ki, cənab Kolin Pauelin Yunanıstana səfəri oktyabr ayında gözlənilir. Müharibə əleyhinə olanlar, anti qloballaşma və Birləşmiş Ştatların xarici siyasətinə qarşı çıxış edən təşkilatlar dünən axşam Afinada etiraz nümayişi təşkil ediblər. Onlar Dövlət Katibinin səfərinin təxirə salmasını öz qələbələri kimi qələmə verirlər. Lakin Yunanıstanın rəsmi şəxsi bu iddianı rədd edərək deyib ki, Vaşinqton cənab Kolin Pauelin İraq və Sudan məsələləri ilə ciddi məşğul olduğuna görə Yunanıstana səfər edə bilməyəcəyi barədə xəbəri qabaqcadan Afinaya çatdırıb. Dünən axşam yüzlərlə etirazçı Birləşmiş Ştatların səfirliyinə tərəf hərəkət edərkən polis onları dağıtmaq üçün gözyaşardıçı qazdan istifadə edib. Bu gün isə nümayişçilər Amerikanın xarici siyasətinə və onun fələstinlilərə qarşı İsrailin siyasətini dəstəkləməsini qınayan böyük bir plakatı Afinanın yüksək nöqtəsinə sancmışlar. Yunanıstanın bəzi kütləvi məlumat vasitələri yazırlar ki, nümayişçilər təkcə cənab Kolin Pauelin səfərinə qarşı etiraz etməyiblər. Onlar Olympiya yarışları ilə əlaqədar gündəlik həyat ritminin pozulmasına etiraz edirlər.

XS
SM
MD
LG