Bu il ABŞ prezident seçkilərində İraq mövzusu ən əsas məsələlərdən biridir. Preziden Buş İraqın işğalı qərarını müdafiə edərək dünyanın Səddam Hüseynsiz daha təhlükəsiz olduğunu deyir. Onun demokrat partiyasından rəqibi senator Con Kerri isə prezidenti tənqid edərək İraqla bağlı fərqli siyasət yeridəcəyini bəyan edib.
Amerikanın İraqda müharibəsi məsələsində prezident Corc Buş və senator Con Kerri arasında kəskin fikir ayrılığı mövcuddur. Seçki kampaniyası zamanı son çıxışlarının birində senator Kerri prezidenti bütün diplomatik yolları işlətməydən və sülh üçün aydın strategiya olmadan tələsik müharibəyə başladığını bəyan etmişdir. “Bu, səhv bir vaxt, səhv bir yerdə aparılan müharibədir.”-deyə senator Kerri qeyd etmişdir. Senator Kerri xarici siyasətinin prezidentinkindən fərqli olacağını demişdir. Prezident Buşun seçki kampaniyasının nümayəndələri Con Kerrinin hücumlarına dərhal reaksiyaya göstərərək onu fikrini birdən dəyişən adam adlandırmışlar. İraqda tələfatlara baxmayaraq prezident Buş müharibəyə getmək qərarını müdafiə etməyə davam edir. “Senator Kerrinin fikrini neçə dəfə dəyişməsindən asılı olmayaraq, bu, o vaxt da indi də Amerika üçün düzgün iş idi ki, Səddam Hüseyn artıq hakimiyyətdə deyil.”-deyə ABŞ prezidenti demişdir. Prezident Buş deyib ki, ABŞ hərbi qüvvələri İraqda müvəqqəti hökumətə kömək etmək üçün lazım olduğu müddət orada qalacaq. Senator Kerri isə deyir ki, prezident seçilsə, vəzifə başında birinci müddəti başa çatana qədər Amerika hərbi qüvvələrinin vətənə qayıtmasına çalışacaq. Prezidentliyə namizədlər arasında daha bir ciddi fərq Con Kerrinin koalisiyaya daha çox ölkəni cəlb etməyə söz verməsindən ibarətdir. Senatorun sözlərinə görə, amerikalı vergi ödəyənlər və hərbi qüvvələri İraqda ən ağır işi öz üzərinə götürüblər. Lakin bəzi təhlilçilər hesab edir ki, İraqda yaranmış vəziyyət nəzərə alınsa, digər ölkələrin koalisiya qoşulması çətin olacaq. İraqda ölən Amerika əsgərlərinin sayının mini ötüb keçməsinə baxmayaraq, seçicilərin çox hissəsi prezident Buşun müharibəni Con Kerridən daha yaxşı apara biləcəyinə inanırlar. Lakin seçki gününə bir neçə həftə qalır və İraqda baş verəcək hadisələr seçkinin nəticələrinə öz təsirini göstərəcək.