Sudan hökuməti və cənublu üsyançılar 21 il davam edən vətəndaş müharibəsinə son qoyaraq nəhayət bu gün sülh müqaviləsi imzalayıblar. İmzalanmış sənədlərdən biri daimi atəşkəsin bərqərar olmasını təmin edir; başqaları isə sülh müqavləsinin yerinə yetirilməsinə yardımçı olacaq detalları əhatə edir. Sudan Prezidenti Ömər əl Bəşir, Cənubi Afrika prezidenti Thabo Mbeki və Kenya vitse-prezidenti Mudi Avori bu gün Kenyanın Naivaşa şəhərində keçirilən mərasimdə iştirak ediblər. Bu gün müqavilə bağlamaqla Sudanda vətəndaş müharibəsi aparan tərəflər yeni ildən qabaq sülhə yetişəcəkləri haqda verdikləri vədə əməl etmiş olurlar. İndi yerdə qalan mərhələ hər iki tərəfin son sənədi imzalamasıdır ki, bu da Yanvarın 9-da baş verəcək.