BMT-nin uşaq fondu UNİSEF-in bildirdiyinə görə, Asiyanın tsunami fəlakətindən sonra çadırlarda yaşayan yüz minlərlə insan xəstəliklər riski qarşısındadır. Tualetlərdə suların daşması və digər sanitariya problemləri bunlara yol açır. UNİSEF İndoneziyada vəziyyətin daha acınacaqlı olduğunu bildirir. Uşaq fondu bildirir ki, yarım milyon evsiz insan 622 düşərgədə yaşayır. Açeh vilayətinin bəzi bölgələrində min adamdan yalnız biri tualetdən istifadə edir. Unisefin bildirdiyinə görə yağışlar səbəbi ilə vəziyyət son bir neçə həftə ərzində daha da ağırlaşıb.UNİSEF bildirir ki, anti-sanitariya düşərgədə məskunlaşan insanların xəstəliklərlə mübarizə imkanını sıfıra endirib. Uşaq fondu tsunaminin təsirinə məruz qalanların təqribən üçdə bir hissəsinin vəba və izhal xəstəlikləri riski qarşıdısında olduğunu bildirir. UNİSEF ağır yağışların Şri-Lankanın 450 düşərgəsində də vəziyyəti çətinləşdirdiyini deyir. Düşərgə sakinlərinin əksəriyyəti təmiz sudan məhrumdurlar. Onların yalnız 35 faizi sanitariya imkanlarına malikdir.