Birləşmiş Ştatların sabiq prezidenti Bill Klinton BMT-nin baş katibi Kofi Annanın Asiyada sunamidən sonra yardım fonduna rəhbərlik etmək təklifini qəbul edib. BMT rəsmilərinin bildirdiyinə görə, cənab Annan Bill Klintonun dəhşətli fəlakətdən sonra regionun dirçəlişi və bərpası səylərinə başçılıq etmkə üçün ən layiqli namizəd olduğuna inanır. BMT-nin sözçüsü Fred Ekhard bildirib ki, sabiq prezidentin siyasi təcrübəsindən yalnız regionun bərpası səylərində deyil, habelə İndoneziyada və Şri Lankada uzun sürən münaqişələrin həllində də istifadə edilə bilər. Bill Klinton verdiyi bəyanatda bu ayın sonu digər sabiq prezident Corc Buş ata ilə regiona səfərdən qayıtdıqdan sonra BMT-nin xüsusi nümayəndəsi kimi vəzifənin icrasına başlamağa hazırlaşdığını bildirib.