Accessibility links

İranın Azərbaycandakı səfiri iki ölkə arasında əlaqələrin əhəmiyətli dərəcədə inkişafda olduğunu bildirib  - 2005-02-08


İran İslam İnqilabı ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təkan verib. İnqilabdan sonra İran 8 illik müharibəyə cəlb olunmasına baxmayaraq, hazırda 3 beşillik inkişaf proqramı həyata keçirilib. İranda demokratiya inkişaf edir, insan hüquqlarının qorunmasında güclü proseslər gedib. Bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani İran İslam İnqilabının 26-cı ildönümü münasibətilə Benyəlxalq Mətbuat Mərkəzində keçirdiyi bugünkü mətbuat konfrnasında bildirib. Onun sözlərinə görə, hazırda İranda 20 illik iqtisadi proqram hazırlanıb və dörd beşillik proqram çərçivəsində həyata keçiriləcək. "İran son 30-40 ildə bu il ilk dəfə 14,5 milyon ton buğda istehsal edərək əhalinin tələbatını ödəyib" -deyə o qeyd edib. Səfirin sözlərinə görə, ölkə iqtisadiyyatının digər sahələrində əhəmiyyətli inkişaf var. Ə.Süleymani İran-Azərbaycan münasibətlərinə də toxunub. "İranla Azərbaycan arasında bütün sahələrdə əlaqələr inkişafdadır. Ölkələrimiz arasında qarşılıqlı etimad və hüquqi baza yaranıb. Təhlükəsizlik, iqtisadi, siyasi və mədəni sahədə çoxsaylı sənədlər imzalanıb. Yüksək səviyyədə qarşılıqlı səmərəli danışıqlar aparılır və bu danışıqlar gələcəkdə də davam etdiriləcək. Son altı ayda iki ölkə prezidentinin qarşılıqlı səfərləri olub"-deyə o qeyd edib. O, İranın regionda stabilliyin yaranmasına çalışdığını da bildirib."İran xarici siyasətini ədalətə söykənərək aparır. İran nə təzyiqləri qəbul edir, nə də özü təzyiq edir"-deyə Ə.Süleymani vurğulayıb. Səfir suallara cavabda ABŞ-ın son dövrlər İranla bağlı siyasətinə də münasibət bildirib. "İran İslam İnqilabı 26 ildir yaşayır. ABŞ İranda İslam İnqilabının qarşısını almağa da çalışırdı. 2001-ci il 11 sentyabrdan sonra bir nəfər İran vətəndaşı belə terrorizmə bağlı yaxalanmayıb. Ancaq ABŞ vətəndaşları terrorizmdə iştiraka görə saxlanıb"-deyə səfir bildirib. Ə.Süleymaninin fikirincə, ABŞ ikili standartlardan çıxış edir. "Hansı ölkələrdə marağı var, orada terrorizmə göz yumur. ABŞ-ın İrana hücumu da qeyri-realdır. ABŞ-ın İrana qarşı siyasəti heç bir ölkə tərəfindən dəstəklənmir. Onlar hələ İraqda, Əfqanıstanda sülh yarada bilmir"-deyə o vurğulayıb. Səfir İran-Ermənistan münasibətləri barədə suallara da cavab verib. "Qonşuları içərisində Azərbaycan İrana daha yaxındır. İran və Azərbaycanın təhlükəsizliyi bir-birinə bağlıdır. Ermənistanla İranın bəzi ticarət ələaqələri var və bu əlaqələr Azərbaycanın əleyhinə yönəlməyib"-deyə Ə.Süleymani qeyd edib. O, Azərbaycan prezidentinin İrana səfəri zamanı Azərbaycan bayrağının tərsinə asılması ilə bağlı bəyanatlara da münasibət bildirib. "Təəssüflə qeyd edirəm ki, Azərbaycan prezidentinin uğurlu səfəri bəzi qüvvələr tərəfindən mənfi təbliğ olunur. İranda on dəfələrlə Azərbaycan bayrağı asılıb. Mən bunun şahidi olmamışam. Həqarət olan yerdə başqa ölkənin prezidenti səfərə dəvət edilməz"- deyə səfir bildirib. Ə.Süleymani İranın Azərbaycan ərazisi vasitəsilə Gürcüstana qaz satmağa hazır olduğunu bəyan edib. "Gürcüstan prezidentinin İrana səfəri zamanı bu məsələ qaldırılıb. Ancaq bunun texniki və hüquqi tərəfləri gərək müzakirə oluna" -deyə o bildirib. Səfirin sözlərinə görə, Azərbaycanla İran dəmiryolu ilə bağlı ikitərəfli sənəd imzalayıb. Bu sənəd ilk öncə Astara-Astara dəmiryolunun birləşdirilməsini nəzərdə tutur. Bundan başqa isə şimal-cənub dəhlizi çərçivəsində Astara-Rəşt-Qəzvin dəmiryolunun birləşdirilməsi üçün konsorsium yaradılması üçün üç ölkənin dəmiryolu idarələri sabah Bakıda növbəti görüşünü keçirəcək"-deyə Ə.Süleymani vurğulayıb. O həmçinin İranın iki ölkə arasında vizanın aradan qaldırılmasına və ya sadələşdirilməsinə tərəfdar olduğunu bildirib. Bu məsələdə İran Azərbaycan tərəfinin cavabını gözləyir. "Biz hətta vizaların aeroportlarda və gələcəkdə dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma olarsa limanlarda verilməsinə tərəfdarıq. İki ölkə arasında sərhəddən 45 kilometr məsafədə yaşayanlaranı ildə 4 dəfə vizasız gediş-gəlişi barədə də sənəd imzalanıb"-deyə səfir qeyd edib. Onun sözlərinə görə, Təbriz-Bakı təyyarə reysinin açılması məsələsi də gündəlikdədir. "Bu barədə sənəd imzalanıb və həllini tapacaq"-deyə o bildirib.

XS
SM
MD
LG