Prezident İlham Əliyev «Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı»nın icrasının birinci ildönümünə həsr olunmuş konfrans keçirib. Tədbirə hökumətin, parlamentin rəhbərləri, yerli hakimiyyət orqanların başçıları, xarici və yerli iş adamları qatılıb. Dövlət başçısının fikrincə, proqramın əsas məqsədi paytaxtla regionlar arasındakı fərqlərin aradan qaldırılmasıdır. O son bir ildə ölkədə 170 min yeni iş yeri açıldığını bildirib. Dövlət başçısı regionlarda ciddi problemlərin olduğunu da etiraf edib. O hüquq mühafizə orqanlarının sahibkarların işinə yersiz müdaxiləsindən narazıdır. Cənab Əliyev elektirk enerjisi və qaz təchizatı sahəsində də durumu tənqid edib. Onun sözlərinə görə, dövlət hər il 5 mlrd. kubmetr qaz alınmasına $300 mln.xərcləsə də, bu sahədə problemlər həllini tapmır. Dövlət başçısı rayon icra hakimiyyəti başçıları da daxil olmaqla, dövlət məmurlarını vətəndaşların şikayətlərinə məsuliyyətlə yanaşmağa çağırıb. Prezident məhkəmə orqanlarındakı süründürməçiliyi və "ədalətsizliyi" xüsusi qeyd edib. İqtisadi inkişaf naziri Fərhad Əliyev isə bildirib ki, 2004-cü ilin yekunlarına görə ÜDM-un 73,5% özəl sektorun payına düşüb. BMT-nin Azərbaycanda təmsilçisi Marko Borsotti çıxışını bir qədər tənqidi notlar üzərində qurub. Onun fikringə, regionların inkişafı qlobal mənada iqtisadi inkişafın bir komponenti olmalıdır. Cənab Borsotti hesab edir ki, ölkədə iqtisadiyatının inkişafı üçün ilk öncə bank sistemində islahatlar vacibdir.«Vacib bir məsələdə odur ki, dövlət orqanlarının sahibkarlığın inkişafına mane olmasının qarşısının alınması üçün korrupsiyaya qarşı əsaslı mübarizə aparılmalıdır». Sahibkarlara gəlincə onlar problemlərin çoxluğundan şikayətlidir.