İraqın seçki komissiyası bildirir ki, şiələrin koalisiyası yanvarın 30-da Müvəqqəti Mili Məclisə keçirilən seçkilərdə səslərin təxminən 50 faizini əldə edib. Seçki komissiyasının bildirdiyinə görə, seçkilərdə 8 milyon 500 minə yaxın seçici iştirak edib. Müvəqqəti Milli Məclisə seçilən 275 üzvün təxminən yarısı şiə koalisiyasının namizədləridir. İkinci yerdə kürd partiyalarının namizədləri gəlir. Onlar 25 faizə qədər səs toplayıblar. İndiki baş nazir İlyad Əlavinin başçılıq etdiyi birlik isə 14 faiz səs əldə etməklə üçüncü yeri tutub. İraqın seçki komissiyasının nümayəndəsi seçkilərin nəticələrini İraqın yeni dirçəlişi adlandırıb. 275 üzvü olan Müvəqqəti Milli Məclis indiki hökuməti əvəzləyərək yeni bir hökumət təşkil edəcək. Bu ilin axırında isə yeni parlament seçkiləri keçriləcək. Seçki komissiyasının nümayəndəsi bildirib ki, Anbar vilayətində seçicilərin yalnız 2 faizi, Ninəva vilayətinin isə 17 faizi seçkilərdə iştirak edib. Seçicilərin bu vilayətlərdə seçkilərdə fəal iştirak etməmələrinin səbəbi yaraqlıların hədə-qorxuları və sünni partiyalarının seçkiləri boykot etməsidir. Bu arada BMT-nin baş katibi Kofi Annan Münxendə keçirilən 41-ci illik Beynəlxalq Təhlükəsizlik Konfransında etdiyi çıxışında dünya xalqlarını İraqın bərpası işinə yardım etməyə çağırıb. Onun dediyinə görə çox güman ki, İraqın təhlükəsizliyi Amerikanın başçılıq etdiyi koalisiyadan BMT-nin sülhməramlı hərbi qüvvələrinə həvalə ediləcək. Cənab Annan söyləyib ki, o, İraqda neft əvəzinə ərzaq programı ilə bağlı meydana çıxan rüşvətxorluq qalmaqalına görə istefa vermək niyyətində deyil.