Accessibility links

Azərbaycan Xarici İşlər nazirliyi ATƏT-in faktaraşdırıcı missiyasının hesabatını müsbət qarşılayır  - 2005-03-23


ATƏT-in Azərbaycanın işğal olumuş ərazilərində məskunlaşıdırma ilə bağlı yaradılmış faktaraşdırcı missiyası 2005-ci il yanvarın 30-dan fevralın 5-dək işğal altında olan ərazilərdə müşahidələr aparıb. Səfər Azərbaycanın təşəbbüsü ilə, BMT Baş Assambleyasının 59-cu sessiyası gündəliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" barədə 163-cü bəndinin müzakirəsi çərçivəsində həyata keçirilib. Faktaraşdırıcı missiya bu günlərdə araşdırmaları ilə bağlı hesabat hazırlayaraq ATƏT-in daimi komissiyasına təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyi isə ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı ilə bağlı bəyanatla çıxış edib. Sənəddə deyilir ki, ATƏT missiyasının regiona göndərilməsi BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində mümkün olub. «Bu missiya Azərbaycan ərazilərinin işğal olunduğu və BMT Təhlükəsizlik Şurasının Ermənistanla Azərbaycan arasında münaqişəyə dair müvafiq qətnamələr qəbul etdiyi andan bəri ilk dəfə həyata keçirilib. Missiya işğal olunmuş ərazilərin məskunlaşdırıldığını müəyyən edərək bununla da Azərbaycanın narahatlığını təsdiqləyib və ümumən öz qarşıya qoyulmuş vəzifəsini yerinə yetirib»-deyə bəyanatda qeyd edilir. Azərbaycan XİN bildirir ki, missiyanın əsasən vizual qiymətləndirmə metodu müəyyənləşdirdiyi məskunlaşdırmanın say göstəriciləri Azərbaycanın təqdim etdiyi göstəricələrə yaxındır. «Azərbaycanın ilkin məlumatlarına görə, işğal olunmuş ərazilərdə 20 mindən 23 minədək adam yerləşdirilib. Missiyanın ümumi göstərcisi isə 17 000 nəfərdən artıqdır. Laçın rayonunda əhalinin mütəşəkkil surətdə yerləşdirilməsinin missiya tərəfindən təsdiq olunması xüsusi narahatlıq doğurur. Belə ki, əvvəllər burada ümumiyyətlə ermənilər yaşamayıb. Azərbaycan Laçında 13 min adamın yerləşdiyini bildirmişdi. Missiyanın məlumatına görə, bu rəqəm 8 - 11 min arasındadır». Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin missiyanın işinə töhfəsini də qeyd edir. «Həmsədrlər missiyanın məruzəsindəki nəticələrə əsaslanan tövsiyələrində "işğal olunmuş əraziləri daha məskunlaşdırmamağa", "regionun demoqrafik strukturunda dəyişikliklərə yol verməməyə" çağırır. Həmsədrlər xüsusi vurğulayır ki, "bu vəziyyətin uzun müddət qalması sülh prosesini ciddi şəkildə mürəkkəbləşdirər". Onlar həmçinin müvafiq beynəlxalq təşkilatlara müraciət edərək işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilmiş əhalinin oradan köçürülməsi və məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtması məqsədilə regionda maddi və maliyyə tələbatının öyrənilməsini xahiş edir. Azərbaycan xarici işlər nazirliyi bəyan edir ki, işğal etdiyi ərazilərdə hər cür fəaliyyətə, o cümlədən bu ərazilərdə əvvəllər yaşamamış olan erməni əhalisinin oraya köçürülməsinə görə bütün məsuliyyəti Ermənistan daşıyır.

XS
SM
MD
LG