Accessibility links

Azərbaycanın insan hüquqları müvəkkili ölkədə insan haqlarının  pozulmasından narahatdır - 2005-03-25


Azərbaycan Milli Məclisində insan haqları müvəkkili Elmira Süleymanovanın illik hesabatı dinlənilib. Xanım Süleymanova ötən dövrdə Azərbaycan vətəndaşlarından ombudsman aparatına 6300 şikayət ərizəsinin daxil olduğuqnu bildirib. Onun sözlərinə görə, bu il daxil olan şikayətlərin sayı 70% çoxalıb. Ombudsman şikayətlərin sayının çoxalmasını yerli orqanlar tərəfindən insanların müraciət hüququnun pozulması ilə izah edib. Müvəkkil ölkədə söz azadlığının vəziyyətinə də münasibət bildirib. O, İctimai Televiziyanın yaradılmasını bu sahədə böyük addım adlandırıb: "Ancaq ölkədə söz azadlığının tam qorunduğunu bildirmək olmaz. Qəzetlərin maliyyə problemləri sarıdan sıxışdırılması hələ də davam edir. Bundan başqa, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun amansızlıqla qətlə yetirilməsi yalnız bir insanın yaşamaq hüququnun pozulması deyil, ictmai-siyasi sabitliyə, fikir və söz azadlığına, ölkənin beynəlxalq nüfuzuna vurulan zərbədir". Xanım Sülyemanova hüquq mühafizə orqanlarının insan hüquqlarının müdafiəsinə əməl etməməsini də deputatların diqqətinə çatdırıb. Onun sözlərinə görə, hüquq mühafizə orqanlarında hər bir mərhələdə insan hüquqlarının pozulması ilə rastlaşmaq mümkündür. Onun fikrincə, qanunu pozan hüquq mühafizə orqanlarının əməkdaşları barəsində ciddi cəza tədbirləri görülmür. Bu isə onların vəzifə səlahiyyətlərini aşmasına bir daha təkan verir. Müvəkkil özəl sektorda vətəndaşların əmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verildiyini də bildirib. "Vətəndaşların sahibkarlıq fəaliyyətinə bölgələrdə gərəksiz müdaxilələr olunur. Onların torpaq almaq haqqı tapdanır"-deyə o qeyd edib.

XS
SM
MD
LG