Mayın 15-də Varşavada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Robert Koçaryanın növbəti görüşü olub. Görüşdə ilk anda ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yanaşı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Mişel Barnyö iştirak edib. Sonra prezidentlər görüşü təkbətək davam etdirib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, üç saat davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi detallar müzakirə olunub. Onun qənaətincə, dövlət başçılarının görüşündə müəyyən məsələlərdə irəliləyiş və razılıq əldə edilsə də, ümumi prinsipial məsələlərin müzakirəsinə ehtiyac var. Cənab Məmmədyarovun sözlərinə görə, prezidentlər xarici işlər nazirlərinə tapşırıq verib ki, Praqa prosesində razılığa gəlinən məsələlərdən əlavə bəzi mühüm məqamlar barədə müzakirələri davam etdirsinlər. Bu baxımdan həmsədrlər də öz işlərini davam etdirəcək və fikirlərini yaxın aylarda bildirəcək. Ümumiyyətlə, Azərbaycan tərəfi üçün danışıqların formatı o qədər də vacib deyil, əsas nəticədir, yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır»-deyə nazir qeyd edib. Ermənistan prezidenti Robert Koçaryan isə Avropa Şurası dövlət başçılarının Varşava Sammitindəki çıxışında bildirib ki, Ermənistan Avropa dəyərlərinə sadiqdir və müasir Avropa xalqların azad seçiminə hörmət etməlidir. Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də bu kontekstdə baxılmalıdır. Robert Köçəryan deyib ki, nizamlanma de-fakto mövcud olan tanınmamış DQR-in Avropa inteqrasiya proseslərinə cəlb olunması formulunun axtarışına yönəlməlidir. Müsətqil şərhçilər iki ölkə prezidentinin görüşündə hər hansı nəticə əldə olunmadığı qənaətindədir. Onların fikrincə, görüş o dərcədə nəticəsiz olub ki, dövlət başçıları hətta mətbuat qarşısında bəyanat verməyə mövzu tapmayıb. Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə baş naziri Rəcəb Teyip Ərdoğanın Varşava görüşünün də əsas mövzusu Ermənistan-Azərbaycan münaqişəsi olub. Cənab Ərdoğan bildirib ki, Türkiyə münaqişənin tezliklə aradan qaldırılması yolunda atılan lazımi addımları diqqətlə və həssaslıqla izləyir. «Arzumuz odur ki, məsələ tezliklə həll edilsin. Düşünürəm ki, beləliklə, bölgə sülhə, təhlükəsizliyə qovuşmuş olacaqdır»-deyə o qeyd edib.