Nobel Sülh mükafatı laureatı Şirin İbadi həbsxanada olan İran yazıçısı Əkbər Gəncinin ötən cümə axşamından bəri keçirdiyi aclıq tətili nəticəsində səhhətinin ağırlaşdığını bildirib. Yazıçı Əkbər Gəncinin vəkili Şirin İbadi deyir ki, cənab Gənci astma xəstəliyindən əzab çəkir. O, beş ildən bəridir ki, Tehranın Evin həbsxanasında yatır və astma xəstəliyi onun vəziyyətini ağırlaşdırıb. Ona müalicə olunmağa icazə verilmir. Cənab Gənci 2000-ci il aprel ayında tutulana qədər Sübhe İmruz qəzetində işləyirdi. Onu keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani də daxil olmaqla İranın yüksək vəzifəli rəsmilərinin 1998-ci ilin axırında İran müxalifət üzvlərinin və ziyalılarının qətlə yetirilməsilə əlaqələri olması barədə məqalə yazmaqda və həmçinin İran islahatçılarının Berlində keçirdikləri yığıncaqda iştirak etməkdə ittiham etmişlər. İranın iki məhkəməsi onun işinə baxdıqdan sonra onu 6 il həbs cəzasına məhkum etmişdilər. O, həbs müddətinin çox hissəsini bir nəfərlik hücrədə keçirib. İnsan hüquqları qrupları və jurnalistlər təşkilatı İran hökumətini cənab Əkbər Gəncini həbsdən azad etməyə çağırıblar.