Accessibility links

Amerika Birləşmiş Ştatları Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır


Azərbaycan birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, ölkədə sülh və sabitliyin tezliklə bərpa edilməsinin tərəfdarıdır. Azərbaycan Gürcüstana humanitar yardımlarını davam etdirəcək. Bu barədə bu gün Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Gürcüstanda Azərbaycana məxsus infrastruktura nəzarət etmir. Xüsusən, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Poti limanı yaxınlığındakı Kulevi terminalı zədələnməyib. Bununla belə, Azərbaycan yüklərinin Gürcüstan ərazisi ilə daşınmasında problemlər olub.

Avqustun 6-da Tbilisidən 45 km aralıda dəmir yolu körpüsünün partladılması ilə əlaqədar Azərbaycanın Böyük Kəsik stansiyasında neft və neft məhsulları ilə yüklənmiş 8 qatar dayanıb. Bu barədə isə “Amerikanın səsi” radiosuna Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, hazırda Gürcüstan dəmiryolçuları azərbaycanlı həmkarları ilə birlikdə partladılmış körpünün yanında yerləşən köhnə birtərəfli dəmir yolu körpüsünün bərpa işlərinə başlayıb.

Mətbuat katibi hesab edir ki. yaxın 15 günə Gürcüstanın Kaspi şəhərində partladılmış əsas dəmiryol körpüsü də istifadəyə veriləcək. Cənab Əzməmmədov, eyni zamanda hazırda Tbilisiyə qədər sərnişin və yük qatarlarının adi rejimdə işlədiyini deyib.

Bir həftəlik fasilədən sonra Azərbaycandan Tbilisiyə təyyarə uçuşları da bərpa edib. "Azərbaycan Hava Yolları” şirkətinin mətbuat katibi Məhərrəm Səfərli Turan agentliyinə bildirib ki, uçuşlar əvvəlki qrafiklə - gündə iki reys olmaqla hər gün həyata keçirilir.

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders də Gürcüstanı dəstəkləyən bəyanatla çıxış edib. Sənəddə deyilir ki, "ABŞ Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir. Dövlət Katibi Kondoliza Raysın ötən həftə Tbilisiyə səfəri bu dəstəyin bir daha ifadəsidir. Bundan əlavə, Prezident Buş ABŞ-ın Müdafiə nazirliyi ilə həyata keçirilən geniş miqyaslı yardım və yenidənqurma səylərini bəyan edib. Amerika Birləşmiş Ştatları Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır və biz ümid edirik ki, digər ölkələr də beləcə irəli çıxaraq, Rusiyanın müdaxiləsinə məruz qalan Gürcüstanı dəstəkləyəcək”.
Bəyanatda bildirilir ki, Rusiyanın hərəkətləri təkcə Gürcüstan üçün təhlükə təşkil etmir. “Bu bölgənin demokratik inkişaf arzusu üçün təhlükə yaradır. Azərbaycan və Gürcüstan kimi suveren dövlətlər, Avropa və Qərblə əlaqələr də daxil olmaqla, özlərinin müəyyən etdiyi kursu davam etdirəcək. Rusiya demokratik yolla seçilən liderlərin bu qərarlarına hörmət etməlidir.
Son 15 ildə bu bölgə dirçəlmiş, Avropa, Orta Asiya və geniş beynəlxalq ictimaiyyətlə olan əlaqələr güclənmişdir. Bu, təkcə neft və qaz kəmərləri ilə əlaqədar olan fiziki bağlar deyil, bizi birləşdirən dəyər, ideya və niyyət bağlarıdır. Rusiya öz qonşularının demokratik inkişafı və firavanlığını dəstəkləməkdə beynəlxalq ictimaiyyətə qoşulmalıdır"- deyə ABŞ səfiri qeyd edir.

XS
SM
MD
LG