Accessibility links

ABŞ regionda bioloji təhlükələrin qarşısını almaq üzərində işləyir


ABŞ Müdafiə nazirliyi və Azərbaycan hökuməti Bakıda Amerika Müdafiə Nazirliyinin Bioloji Təhlükələrin Azaldılması Proqramının elektron variantının Xəstəliklərin Müşahidə Sisteminin ikinci vəhdət görüşünü keçirib. Görüşdə Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan səhiyyə və kənd təsərrüfatı nazirliklərinin, ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin, Müdafiə Nazirliyinin Xəstəliklərin Müşahidəsi üzrə mütəxəssisləri iştirak edir. Üçgünlük görüş zamanı insan və heyvan xəstəlikləri barədə məlumatlar veriləcək, laboratoriya təcrübələri və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Hazırda ABŞ Müdafiə Nazirliyi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Ukrayna hökumətləri ilə birgə bölgədə bioloji təhlükələrin qarşısını almaq üzərində işləyir. Azərbaycan Dövlət Baytarlıq Xidmətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Eldəniz Zeynalov bildirib ki, proqram çərçivəsində Amerika Azərbaycanda bioloji xəstəliklərin azaldılması və onların yayılmasının qarşısının alınması üçün xüsusi laboratoriya şəbəkələri quraşdırır. Laboratoriyalar 44 təhlükəli xəstəliyin, o cümlədən qara yara, «quş qripi», vərəm və dabaq kimi xəstəliklərin aşkarlanmasına, monitorinqinə və qarşısının alınmasına xidmət edəcək. Proqram yerinə yetirilməsi nəticəsində sistemə Azərbaycan Gigiyena və Epidemiologiya Mərkəzinin 65 region, Bakıda 11 şöbəsi, 6 taun əleyhinə regional şöbə, Respublika Taun Əleyhinə Stansiya, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Respublika Baytarlıq laboratoriyası, 4 zona baytarlıq laboratoriyası,12 diaqnostik kabinet daxil olacaq.
XS
SM
MD
LG