Accessibility links

Enn Dersi: "Biz Azərbaycanın dostuyuq"


Bu gün Bilik günündə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Bakının Binə qəsəbəsində Laçınlı məcburi köçkünlərin icmasından olan şagirdlər üçün yeni tikilmiş məktəbin açılış mərasimində olub. Məktəb ABŞ Müdafiə Nazirliyinin Avropa Komandanlığının maliyyə dəstəyi ilə tikilib. Tikintiyə və məktəbin təchizat işlərinə 386,422 dollar xərclənib.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, bu məktəb ABŞ və Azərbaycan xalqının güclü dostluğunun gələcəyə töhvə verməsinin konkret sübutudur. “Sentyabrın əvvəlində Azərbaycana səfər etmiş ABŞ vitse-prezidenti Dik Çeyni qeyd edib ki, ABŞ-ın Azərbaycanın sabitliyi və proqresində dərin və davamlı marağı var. Biz Sizin dostunuzuq. Yalnız bu həftəlik və ya bu illik deyil, iyirmi birinci əsrdə birgə inkişaf etdiyimiz illər və onilliklər ərzində dostunuz olacağıq”.
O, D.Çeyninin Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən icma qarşısında ABŞ-ın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkəməsi ilə bağlı bəyanatını bir daha təkrarlayıb. “Amerika Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olunmasına, ərazi bütövlüyü prinsipi ilə başlanan və digər beynəlxalq prinsipləri nəzərə alan çıxış yolunun tapılmasına sadiqik. Münaqişənin həlli bu gün həmişəkindən daha vacibdir; bu nəticə bölgədə sülh və sabitliyi, eləcə də Azərbaycanın təhlükəsizliyini gücləndirəcək”.
ABŞ Müdafiə Nazirliyinin Avropa Komandanlığının Maddi Texniki Təchizat və Təhlükəsizlik üzrə Yardım Departamentinin rəis müavini Robert Mur bildirib ki, ABŞ Azərbaycanla Təhlükəsizlik sahəsində əməkdaşlığını bundan sonra da davam etdirəcək. Onun sözlərinə görə, Avropa Komandanlığı Azərbaycanda məktəb tikinitisini davam etdirəcək.
Azərbaycan Baş nazirinin müavini, Dövlət qaçqınkomun sədri Əli Həsənov ABŞ-ın daim Azərbaycana yardım etdiyini deyib. Onun sözlərinə görə, ABŞ başqa dövlətlərdən fərqli olaraq, indi də məcburi köçkünlərə yardımını dayandırmayıb. “Artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi inkişafını əsas gətirərək məcburi köçkünlərə yardımlarını dayandırıb. ABŞ isə yardımlarını davam etdirir və sadəcə yardım proqramlarının istiqamətini dəyişib. Bu baxımdan Amerika bir sıra dövlətlər, xüsusilə də Avropa dövlətləri üçün örnək ola bilər”. Xatırladaq ki, ABŞ indiyədək Azərbaycanda məcburi köçkünlər üçün on dörd məktəb tikib.

Baş nazirin müavini “Amerikanın səsi” radiosunun sualının cavabında isə Azərbaycan məcburi köçkünlərinin doğa yurdlarına qayıdışını nəzərdə tutan "Böyük qayıdış" proqramının hazırlandığını bildirib. İlkin hesablamalara görə, proqramın həyata keçirilməsi üçün azı 62 milyard dolar vəsait tələb olunur. Ancaq proqramın reallaşdırılması Ermənistan-Azərbaycan münaqişəsi nizamlandıqdan sonra mümkündür.



XS
SM
MD
LG