Rusiya Dövlət Duması və Federasiya Şurası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması üçün Rusiya prezidentinə müraciət edib. Rusiyanın bu qərarı dünyada və regionda olduğu kimi Azərbaycanda da birmənalı qarşılanmayıb. Ölkə rəsmiləri, müxalifət və müstəqil politoloqlar dövlət Dumasının qərarının əleyhinədir. Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın mövqeyini bir qədər yumşaq tərzdə ifadə edib. O Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etməklə kifayətlənib.
Cənab İbrahim dünən Gürcüstanın Qori şəhəri yaxınlığında Azərbaycanın neft qatarının partladılması ilə bağlı "Amerikanın səsi" radiosunun sualının cavabında bildirib ki, qatarların və digər vasitələrin təhlükəsizliyinə ərazisindən keçən ölkə cavabdehdir. Buna baxmayaraq, Azərbaycan Gürcüstan ərazisi ilə öz layihələrini davam etdirəcək.
Mətbuat katibi Türkiyə tərəfinin "Qafqaz platforması" təşəbbüsünə Azərbaycanın qoşulması ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinə hələ "Qafqaz platforması"nın detalları ilə bağlı sənəd daxil olmayıb. "Sənəd daxil olandan sonra öyrəniləcək".
Öz növbəsində, müstəqil politoloqlar Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və bunun davamı olaraq Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması istiqamətində addımların atılmasını pisləyir. "Xəzər" Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə hesab edir ki, Rusiya Gürcüstana hərbi müdaxilə etməklə qonşularına qarşı təcavüzkar siyasətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Onun fikrincə, Rusiyanın hərəkətləri əslində özünə qarşı yönəlib və çox tez zamanda biruzə verəcək.
Cənab Quluzadənin qənaətincə, Rusiyanın təcavüzkar siyasəti dünyanın ona qarşı siyasətini dəyişməkdədir. Belə ki, dövlətlər Rusiyadan asılı olmayan mənbələrlə əlaqələr qurmağa üstünlük verəcək.
Politoloq son hərəkətlərinin Rusiyanın parçalanmasını sürətləndirəcəyini düşünür. Onun fikrincə, Rusiya imperiyası daxilində olan çoxsaylı xalqlar öz müstəqilliyini istəyəcək.
Müxalifətdə olan siyasi partiyalar da Rusiyanın hərəkətlərinin əleyhinədir. "Müsavat" partiyasının başqanı İsa Qəmbər hesab edir ki, Rusiyanın hərəkətləri dünya ictimaiyyətinə qarşı düşündürücü ciddi bir mesajdır.
Onun fikrincə, Rusiya qonşularının ərazi bütövlüyünə qarşı olmaqla, əslində öz süqutunu tezləşdirir.