Accessibility links

Azərbaycan jurnalistlərinin aclıq aksiyası 12 gündür davam edir


Jurnalistlərin «Azad mətbuatdan əlini çək!» şüarı altında keçirdiyi aclıq aksiyası 12-ci gündür davam edir. Həkimlər bildirib ki, 12 gün aclıq edən "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidin səhhəti kritik həddə çatıb. Onun arterial təzyiqi çox aşağıdır və hər an komaya düşə bilər. Bu gün Redaktorlar Birliyi, ziyalılar, ictimai xadimlər Qənimət Zahidə aclığı dayandırması ilə bağlı müraciət edib. Lakin o aclığı sonadək davam etdirəcəyini bəyan edib. Redaktorlar Birliyinin aclıq edən jurnalistlərin çarpayısı yanında keçirdiyi toplantıda "Turan" Agentilyinin direktoru Mehman Əliyev, "Milli Yol" qəzetinin baş redaktoru Şahin Ağabəyli, "24 saat" qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu və "Yeni Müsavat" qəzetinin rəhbərlərindən biri sabahdan aclıq aksiyasına qoşulacağını bildirib. Sabah isə siyasi partiya rəhbərləri və deputatların iştirakı ilə Redaktorlar Birliyinin növbəti toplantısı keçiriləcək. Toplantıda deputatların, hüquq müdafiəçilərinin və ictimaiyyətin nümayəndələrinin aclıq aksiasına qoşulması və azad mətbuata hücumların qarşısının alınması ilə bağlı müzakirələr keçiriləcək. Deputat Pənah Hüseyn problemin həlli ilə bağlı Milli Məclisin rəhbərliyi ilə danışıqlar aparmaq üçün müraciət edəcəyini deyib. O azad mətbuata qarşı təpkilərə son qoyulmazsa bir qrup deputatın da aclıq aksiyasına qoşulacağını ehtimal edir. «Liberal» partiyasının sədr əvəzi Əvəz Temirxan siyasi partiya rəhbərlərinin də aclıq edəcəyini deyib. Onun fikrincə, azad mətbuatsız demokratiya yoxdur. Demokratik Azərbaycan isə hər bir siyasi partiyanını qarşısında duran əsas vəzifədir. Redaktorlar Birliyi həmçinin gələn həftənin bütün günlərində Prezident Aparatının qarşısında etiraz aksiyaları keçirmək məqsədilə Bakı meriyasına müraciət etmək barədə qərara gəlib. Eyni zamanda, bu həftənin bir günü Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin qarşısında piket keçirmək barədə razılığa gəlinib. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Amerikanın səsi radiosu vasaitəsilə jurnalistəri aclığı dayandırmağa çağırıb. O hökumətin problemin həlli istiqamətində işlər gördüyünü bildirib. Eyni zamanda, şöbə müdiri «Azadlıq» qəzetinin və «Turan» agentliyinin hazırda yerləşdiyi binadan çıxarılmasının səbəblərini izah etməyib. Bu suala isə tanınmış politoloq, Azərbaycanın xarici siyasət məsələlər üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə cavab verib. "Azadlıq" qəzetinin və «Turan» agentliyinin yerləşdiyi binadan çıxarılması barədə məhkəmə iddiasından təəccüblənirəm. Məsələnin bu cür qoyuluşu heç kimə baş ucalığı gətirmir. Əgər biz Avropa dəyərlərindən və Avropa İttifaqına istiqamətlənmə prioritetlərindən danışırıqsa, onda bu hadisə əks istiqamətdə atılmış addımdır. KİV-lərin hüquqlarını pozduğuna görə beynəlxalq qurumlar tərəfindən Azərbaycanın sərt tənqidlərə məruz qalacağını sezmək çətin deyil" - deyə o qeyd edib.
XS
SM
MD
LG