Accessibility links

Gənclər təşkilatlarının fəallarının həbsi etirazla qarşılanıb


İyulun 9-da Azərbaycan gənclər təşkilatlarının iki fəalı Adnan Hacıyev və Emin Milli saxlanıb. Maraqlı olsa da gənclərin saxlanmasına kafedə iki nəfərin onlara fiziki təzyiq göstərməsi səbəb olub. Zərərçəkmiş gənclər hücuma məruz qalmaları ilə bağlı polisə müraciət edib. Polis isə hər iki gənci saxlayıb, digər iki nəfəri isə azad buraxıb. Hadisənin şahidi Orxan Qafarlı “Amerikanın səsi” radiosuna bunları deyib.
Vəkil İsaxan Aşurov gənclərin saxlanmasını əsassız hesab edir. O gənclərin həkim müayinəsindən keçirilmədiyini də bildirib.
Adanan Hacızadənin atası hazırda müxalifətdə olan, Azərbaycan baş nazirinin keçmiş müavini Hikmət Hacızadə gənclərin həbsini ədalətsizlik kimi qiymətləndirir.
Gənclərin həbsinə etiraz edən çoxsaylı bəyanatlar da qəbul edilib. Bakıda səfərdə olan Almaniya ombudsmanı Günter Nooke bu gün polis idarəsində gənclərlə görüşməyə cəhd edib. Lakin ona bu imkan yaradılmayıb.
Almaniyanın Bakıdakı səfiri Per Stankina bildirib ki, həbs edilmiş Emin Milli Bakıya səfər etmiş Almaniya ombudsmanının yanında tərcüməçi kimi işləməli idi. “Biz Emin Millinin həbsi faktı ilə bağlı narahatlığımızı bildiririk və gənclərin ən qısa zamanda azad ediləcəyinə ümid edirik”-deyə səfir qeyd edib.
Amerika səfirliyinin əməkdaşı Dmitri Doroxovski səfirliyin saxlanılanlara tibbi yardım göstərilməməsindən çox narahat olduğunu bildirib. O həmçinin Azərbaycanda jurnalistlərin, ictimai fəalların və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin hücumlara məruz qalması kimi mənfi qanunauyğunluq olduğunu qeyd edib. “Bu hadisə hansısa tendensiyadan xəbər verir. Təəssüf ki, gənclərin, qeyri-hökumət təşkilatları fəallarının, jurnalistlərin hücumlara məruz qalması birinci hal deyil. Ümid edirik ki, baş verən hadisə çox tez zamanda ədalətlə araşdırılacaq. Baş verənlər nəinki heç bir demokratik normalara uyğun deyil, həm də elementar ümumbəşəri prinsiplərə ziddir”,- deyə diplomat qeyd edib.
Yerli ictimai-siyasi təşkilatlar da gənclərin həbsini pisləyir.
“Müsavat” partiyasının başqanı İsa Qəmbər gənclərin həbsinin səbəbini hökumətin insan azadlıqlarını məhdudlaşdırma siyasətinə xidmət etdiyini deyib. Onun fikrincə, bu siyasətə qarşı birgə mübarizə aparılmalıdır.
Deputat Pənah Hüseyn təzyiqlərlə gənclərin demokratiya uğrunda hərəkatını zəiflətməyin mümkün olmayacağını deyib. Onun fikrincə, əksinə, belə hərəkətlər demokratiya uğrunda mübarizləri bir cəbhədə birləşdirir.


XS
SM
MD
LG