Accessibility links

Azərbaycan prezidentinin işlər müdiri həbs olunub


Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliyi Azərbaycanda hakimiyyəti zorla ələ keçirmə, kütləvi iğtişaşa hazırlıq, mənimsəmə maddələri ilə başlanmış cinayət işi üzrə aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə bir sıra yeni hallar və cinayətin başqa iştirakçılarını aşkarladığını bildirir. Qurumların birgə məlumatında deyilir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev və “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov barəsində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan olunmuş Rəsul Quliyev, eləcə də sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq maliyyə naziri Fikrət Yusifov və hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olan digər şəxslərlə cinayət əlaqəsinə girib. Onlar Novxanı-Sumqayıt yolunun kənarındakı “Flaqman” restoranında, habelə paytaxtdakı və ətraf rayonlardakı müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirdikləri gizli görüşlərdə hakimiyyətin zorla ələ keçirilməsi, planlaşdırılan kütləvi iğtişaşlara cəlb ediləcək təxribatçı dəstələrin təşkili və bu işlərin maddi təminatı məsələlərində razılığa gəlblər. Xəbərdə deyilir ki, Akif Muradverdiyev 24 oktyabr 2005-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Akif Muradverdiyevin Novxanıdakı bağ evində aparılan axtarış zamanı 32.700 ABŞ dolları, 14.000 avro, 9.100 Böyük Britaniya funt sterlinqi, habelə başqa xarici valyutalar, 209 ədəd müxtəlif nominallı qızıl pul, 40 ədəd qızıl saat və digər zinət əşyaları aşkar edilərək maddi sübut kimi götürülüb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq cinayətində şübhəli bilinən Xızı rayonu Şurabad bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev də tutulub. «O, istintaqa verdiyi ifadəsində sabiq səhiyyə naziri Əli İnsanovun və Akif Muradverdiyevin Xızı rayonu Altıağac bələdiyyəsinin Qızılqazma kəndi ərazisindəki bağ evlərində tez-tez görüşdüklərinin, həmin şəxslərin iqtidar əleyhinə fikirlər söylədiklərinin, son aylarda isə onların hakimiyyətin zorla ələ keçirilməsinin zəruriliyi barədə söhbətlər apardıqlarının şahidi olduğunu bildirib. Nəcəfqulu Quliyev ayrı-ayrı görüşlərdə Fikrət Sadıqovun və tanımadığı digər şəxslərin də iştirak etdiyini vurğulayıb»-deyə qeyd olunur . Məlumata görə, istintaq araşdırmaları ilə müəyyən edilmişdir ki, Rəsul Quliyev 2005-ci il oktyabr ayının əvvəllərində yaxın münasibətlərdə olduğu və 1980-ci illərdə rəhbərlik etdiyi “Azərneftyağ” zavodunda müqavilə əsasında rəssamlıq işləri görən Sabir Baxşəliyevlə gizli telefon nömrəsi vasitəsilə əlaqə yaradaraq, Bakı hava limanında onun həbsinə maneçilik törədilməsində özünün iştirakı və bu işə başqalarını da cəlb etməsi barədə şəxsən tapşırıqlar vermib. Bununla əlaqədar zəruri iş aparan Sabir Baxşəliyev Bakı şəhəri Nəsimi rayon polis idarəsinin rəis müavini İlqar Rəhimzadə ilə əlaqə yaradaraq, 2005-ci il 16 oktyabr tarixdə sonuncunun dəvəti ilə onun iş otağında görüşüb. Vəzifə borcuna xəyanət edən İlqar Rəhimzadə Bakı şəhərində ictimai təhlükəsizliyin qorunması üzrə həyata keçiriləcək işləri əks etdirən və icra olunması üçün ona verilmiş tədbirlər planı ilə Sabir Baxşəliyevi tanış etmişdir. Həmin planın üzünü köçürən Sabir Baxşəliyev onun məzmunu, polis qüvvələrinin dislokasiyası barədə məlumatları İlqar Rəhimzadənin iş otağından telefon vasitəsilə müvafiq maraqlı şəxslərə ötürüb. İlqar Rəhimzadə və Sabir Baxşəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə onlar haqqında həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XS
SM
MD
LG