Accessibility links

Azərbaycan antiterror koalisiyasına ilk qoşulan dövlətlərdəndir


Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycanın Xarici Siyasət Məsələləri üzrə keçmiş Dövlət Müşaviri Vəfa Quluzadə 11 sentyabr terrorundan keçən dövrdə Amerika Silahlı Qüvvələrinin daha da gücləndiyini bildirib. Onun fikrincə, antiterror koalisiyası və ABŞ dünyada terrorizmin aradan qaldırılması ilə bağlı məqsədlərinə çatmayıb. Politoloq hesab edir ki, İraqda terrorun qalmasında İranın, Əfqanıstanda isə Rusiyanın güclü təsirləri hiss edilir.
Cənab Quluzadə Azərbaycanın antiterror koalisiyasında iştirakını düzgün hesab edir. Azərbaycan bu koalisiyada iştirakı ilə NATO, Amerika və Avropa ilə hərbi əməkdaşlığını genişləndirib. Eyni zamanda, Silahlı Qüvvələr bu əməliyyatlarda iştirakla geniş təcrübə toplayır və hərbi islahatlar davam etdirilir.
Bununla yanaşı, politoloq Azərbaycanın fəaliyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə və Ermənistanın təcavüzkar kimi pislənməsinə kömək etmədiyini deyir. “Nəhayətdə dünya birliyi təcavüzü pisləməlidir”.
Politoloq ümumilikdə Qafqaz bölgəsində terror hadisələrinin Rusiya ilə bağlı olduğunu diqqətə çatdırıb.
* Xatırladaq ki, Azərbaycan 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş terror aktından sonra antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biridir.
Azərbaycan hərbçiləri Kosovoda, Əfqanıstanda və İraqda antiterror koalisiyası tərkibində fəaliyyət göstərib. Azərbaycan sülhməramlıları İraqa BMT Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul olunmuş qərara əsasən göndərilib. 14 zabit, 16 çavuş və 120 əsgər İraqdakı su elektrik stansiyasını mühafizə edib. Milli Məclisin 2008-ci ilin 11 noyabr tarixli qərarı ilə 150 Azərbaycan hərbçisi İraqda öz vəzifələrini yerinə yetirərək geri qayıdıb.
Hazırda Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 Azərbaycan hərbçisi sülhməramlı missiyalarını yerinə yetirir.

XS
SM
MD
LG