Accessibility links

“Azadlıq” qəzetinin müxbirinin bıçaqlanması geniş narazılıqlara səbəb olub


Müxalif “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin naməlum şəxslər tərəfindən bıçaqlanması geniş narazılıqlara səbəb olub. Bu gün çoxsaylı beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, deputatlar, ziyalılar, ictimaiyyətin nümayəndələri xəstəxanada jurnalistə baş çəkib, xüsusi bəyanatlarla çıxış edib. Hakim “Yeni Azərbaycan” partiyasının sədr müavini Əli Əhmədov jurnalistə basqını söz azadlığına zərbə adlandırıb. O, basqının arxasında hakimiyyətin durması barədə fərziyyələri rədd edib.

Jurnalistə hücum müxalifətdə olan siyasi partiyalar, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri tərəfindən də pislənib. Müsavat partiyasının başqanı İsa Qəmbər jurnalistin bıçaqlanmasını Azərbaycanda mediaya və jurnalistlərə qarşı dəhşətli cinayət kimi dəyərləndirib Bu hadisənin baş verməsinə səbəb indiyə kimi media mənsublarına qarşı törədilmiş cinayətlərin üstünün açılmamasıdır. "Hakimiyyət dərk etməlidir ki, nə qədər ki, bu cinayətlərin üstü açılmayıb, məsuliyyət hakimiyyətin üzərində qalır", - deyə cənab Qəmbər qeyd edib. "Azadlıq" bloku dünyanın demokratik qüvvələrindən və beynəlxalq təşkilatlardan ölkədə söz azadlığı və insan haqlarını ardıcıl şəkildə və qəddarcasına boğan Azərbaycan hakimiyyətinə qarşı daha sərt və təsirli tədbirlərə əl atmağa çağırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistə qarşı zorakılıq edənlərin tapılıb cəzalandırılacağına ümid edir. O eyni zamanda indiyədək jurnalistlərə edilən zorakılıqların da açılmasını vacib sayır.

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi, Norveçin Azərbaycandakı səfiri Yon Ramberq, Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Robert Vestner, ATƏT-in Bakı ofisinin məsul şəxsi Marko Roçça və AŞ-nin Bakı ofisinin təmsilçisi xəstəxanada jurnalistə baş çəkiblər.

ABŞ səfiri jurnalistin bıçaqlanmasını çox qorxunc xəbər adlandırıb. “Jurnalistlə qarşı zorakılıq qəbuledilməzdir. Bunu törədənlər dərhal təqib edilməli və tapılmalıdır. Mən cənab Xəlilin jurnalist fəaliyyətini dəstəkləyirəm. Bu şucaət güclü demokratiya üçün mühüm amildir" - deyə səfir jurnalistlə gorüşündə bildirib. Xanım Dersi bəyanatında isə jurnalistə hücumu çirkin cinayət adlandırıb. “Bu çirkin cinayət bizi şoka salıb və dəhşətə gətirib. Bizim ürəklərimiz jurnalist və onun ailə üzvlərinin yanındadır. Jurnalistlərə qarşı törədilən bu və buna bənzər zorakı hücumlar Azərbaycanda mühüm səslərin susdurulmasına yönəlib və qorxu mühiti yaradır. Bilirəm ki, Azərbaycanın bütün azadlıqsevər vətəndaşları bizim jurnalistə qarşı çirkin əməldən doğan qəzəbimizi və məyusluğumuzu bölüşür. Onlar bu əməli törətmiş şəxslərin həbsinin və cəzalandırılmasının Azərbaycanda qorxu atmosferini aradan qaldıracağı və qanunun aliliyi və söz azadlığının dəstəklənməsi niyyətini nümayiş etdirəcəyi ilə də razılaşarlar", - deyə ABŞ səfiri bildirib "Baş verənlər haqqında tam məlumatlıyıq. Fevralın 22-də jurnalistə basqından sonra onunla bağlı bütün hadisələri diqqətlə izləyirik. Təəssüf ki, bizim çoxsaylı çağırışlarımıza baxmayaraq, jurnalistə basqın etmiş şəxslər indiyədək həbs edilməyib".

Bu bəyanatı isə ATƏT-in Bakı ofisi adından məsul əməkdaş Mark Roçça verib O, dünənki hadisədən sonra basqınçıların nəhayət ki, həbs ediləcəyinə və məhkəmə qarşısında duracaqlarına ümid ifadə edib. "Jurnalistə son basqın çox ağır hadisədir və ümid edirik ki, hökumət buna layiqincə diqqət yetirəcək", - deyə o bildirib.

Deputat Pənah Hüseyn jurnalistin bıcaqlanmasını kriminal deyil, siyasi hadisə hesab edir. Onun fikrincə, jurnalistlərə qarşı baş verən təzyiqlərə görə hakimiyyət məsuliyyət daşıyır. Jurnalistin vəziyyəti hazırda qənaətbəxşdir. Həkim Zaur Məmmədli yaxın günlərdə jurnalistin evə buraxılacağını deyib. Onun sözlərinə görə cənab Xəlilin həyatına təhlükə yoxdur.

XS
SM
MD
LG