Accessibility links

Azərbaycan BMT Baş Assambleyasının qətnaməsini münaqişənin həlli üçün prinsipial əsas sayır


Dünən BMT Baş Assambleyasının 62-ci sessiyası Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət" haqqında qətnaməni qəbul edib. Nümayəndələrin 39 nəfəri qətnamənin "lehinə", 7 nəfər "əleyhinə" səs verib, 100 nəfər isə bitərəf qalıb. Sənəddə "Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyi sual altında qoymasından" və cənubi Qafqaz ölkələrinin humanitar vəziyyətinə mənfi təsir göstərməsindən ciddi narahatlıq ifadə olunub. Baş Assambleya üzv dövlətləri Azərbaycanın suverenliyinə və beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməyə və dəstəkləməyə çağırır. "Baş Assambleya bir daha bildirir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır və bu vəziyyətin saxlanmasına yardım göstərməməli və ya şərait yaratmamalıdır", - deyə qətnamədə bildirilir. Sənəddə "erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün zəbt edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" zərurəti qeyd edilib. Qətnamə "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin doğma yurdlarına qayıtmaq hüququnu təsdiq edir və münaqişədən zərər çəkmiş insanların hərtərəfli reabilitasiyası da daxil olmaqla, onların doğma yurdlarına qaytarılması üçün lazımi şərait yaratmağın zəruriliyini qeyd edir". BMT Baş Assambleyasının iclasında ATƏT-in Minsk Qrupu həmsədrləri ABŞ, Fransa və Rusiya adından çıxış edən ABŞ nümayəndəsi Alexandro Vulff bildirib ki, onlar bu qətnaməni dəstəkləmir. Həmsədrlərin fikrincə, sənəd Minsk Qrupunun 2007-ci ildə "tarazlaşdırılmış paket" şəklində təklif etdiyi münaqişənin həllinə bütün yanaşmaları əks etdirmir. "Təəssüf ki, bizə təqdim edilmiş qətnamədə bu prinsiplərin yalnız bir hissəsi əks olunub. Digər hissə çıxarılıb. Belə seçimli yanaşma ilə əlaqədar bizim üç dövlət bu birtərəfli sənədə qarşı çıxmaq məcburiyyətindədir", - deyə Alexandro Vulff qeyd edib.
“Azərbaycan dünən BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul edilmiş "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət" haqqında qətnaməni Qarabağ nizamlanması üçün mühüm sənəd kimi qiymətləndirib”. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov BMT Baş Assambleyasının qətnaməsini şərh edərkən bildirib. "Hesab edirik ki, hüquqi və siyasi qüvvəsi olan çox mühüm sənəd qəbul edilib və BMT Baş Assambleyasının qətnaməsi olaraq, sənədə münaqişənin həlli üçün prinsipial əsas kimi baxılmalıdır", - deyə Əzimov bildirib. Bu zaman o, qətnamənin hazırlanması və qəbulu prosesində Azərbaycanın səylərinin müqavimətlə qarşılaşdığına diqqət çəkib. Bu, yalnız Ermənistandan deyil, həm də onu dəstəkləyən ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyadan irəli gəlirdi. Görünür, vasitəçi ölkələr bu zaman digər dövlətləri də öz tərəflərinə çəkmək üçün çox çalışıblar. Əzimov Hindistan kimi böyük dövlətin Azərbaycana qarşı səs verməsindən təəssüf etdiyini və bir çox Avropa ölkələrinin Bakını dəstəkləməsindən fərəhləndiyini bildirib, "baxmayaraq ki, ABŞ-ın onlara təsir vasitəsi çox idi". Əzimovun sözlərindən aydın olub ki, Azərbaycan beynəlxalq aləmdə maraqlarının müdafiəsi üzrə səylərini davam etdirəcək. MQ həmsədrlərinin qətnamə haqda mənfi mövqeyini Əzimov "nizamlama prosesində aparıcı rolu itirməmək istəyi" ilə izah edib. O həmçinin bildirib ki, danışıqlar həmsədrlərin müəyyən etdiyi istiqamətlər və onların heç də həmişə yerinə yetirmədikləri vədləri əsasında davam etdirilə bilməz. Əzimovun fikrincə, həmsədrlər özlərini "çətin vəziyyətdə" qoyublar. "Onlar şübhə etməsinlər ki, bundan sonra biz onlarla BMT-nin Baş Assambleyası səviyyəsində dəstəklənmiş mövqe əsasında işləyəcəyik", - deyə Əzimov bildirib. Həmsədrlər başa düşməlidirlər ki, onlar inhisarçı deyillər və Minsk qrupunda başqa ölkələr də var. "Məsələn, dünən bizi dəstəkləyən Türkiyə və ya Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə təsdiq etmiş Almaniya", - deyə Əzimov bildirib. O, ərazi bütövlüyü və millətin öz müqəddəratını həll etmək hüququnu bərabərləşdirən həmsədrlərin bəyanatlarını "yanlış" adlandırıb. Millətin öz müqəddəratını həll etmək hüququ ərazi bütövlüyünü pozmamalıdır və yalnız sülh yolu ilə reallaşdırılmalıdır. Qarabağ münaqişəsinin başlanğıcında bu prinsipin reallaşması üçün heç də sülh metodları tətbiq edilmirdi. Ermənilərin "referendum" adlandırdıqları səsvermə regionun Azərbaycan əhalisinin sürgün edilməsi və etnik təmizləmələr şəraitində keçirilib. Gələcəkdə DQ-a Azərbaycan əhalisi qaytarılana qədər orada referendum mümkün olmayacaq, deyə nazir müavini bildirib. Əzimov Minsk Qrupunun Dağlıq Qarabağın statusunun Ermənistan və Azərbaycan arasında danışıqlar çərçivəsində müəyyən edilməli olduğu haqqında mövqeyini də "yanlış" sayır. DQ-nın statusu Azərbaycanın qanunları və regionun icmaları arasında razılaşmalar əsasında müəyyən olunacaq. "DQ-nın statusu Ermənistanla danışıqlar mövzusu ola bilməz", - deyə Əzimov qeyd edib. Minsk Qrupu çərçivəsində isə söhbət statusun müəyyən edilməsi üçün normal şərait yaradılmasından gedə bilər, deyə o əlavə edib. Əzimov həmçinin Minsk Qrupu həmsədrlərinin BMT-nin qətnaməsinin vasitəçilərin "tarazlaşdırılmış" təkliflər paketinə qarşı yönəlməsi haqqqında qiymətləndirmələrini də rədd edib. "Həmsədrlərin təklifləri tarazlaşdırılmış hesab oluna bilməz, çünki onlarda qarşılıqlı istifadə olunan Laçın nəqliyyat dəhlizinin yaradılması zamanı Kəlbəcər və Laçının azad edilməsi, həmçinin, Azərbaycan əhalisinin DQ-yə qaytarılması haqqında təklif yoxdur", - deyə Əzimov qeyd edib. "BMT-nin qətnaməsi Ermənistana ciddi öyüd və həmsədrlər üçün xəbərdarlıq olmalıdır", - deyə Əzimov hədələyib. Azərbaycan, onun sözlərinə görə, artıq belə qaranlıq vəziyyətdə fəaliyyət göstərməyəcək və ərazi bütövlüyünə nail olunmasından ibarət olan aydınlıq tələb edəcək. Jurnalistlərin suallarına cavab verən Əzimov xatırladıb ki, həmsədrlər institutu 1997-ci ildə mürəkkəb şəraitdə tətbiq edilib və "müvafiq şəraitdə dəyişdirilə bilməz". Baş Assambleyanın qətnaməsinin vacibliyindən danışan Əzimov onun Kosovonun müstəqilliyinin elan edilməsindən sonra qəbul edildiyinə diqqət çəkib. Beləliklə, Baş Assambleya Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edib.

XS
SM
MD
LG