“Azərbaycanın fəaliyyətinin məqsədi işğal altında olan ərazilərin boşaldılması, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmaq şərti ilə onun gələcək statusunun müəyyən edilməsi və azərbaycanlıların doğma yurdlarına qayıtması üçün Ermənistanın lazımi addımlar atmasından ibarətdir. Azərbaycanın dövlət başçısı bu görüşləri keçirməklə öz prinsipiallığını qarşı tərəfə çatdırır və bu prinsipial mövqenin qarşısında Ermənistanın hansı addım atmağa hazır olub-olmadığını müəyyənləşdirmək istəyir”. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı jurnalistlərin sualının cavabında bildirib.
O, Ermənistanın Cənubi Qafqazda çoğrafi xəritəni dəyişə bilməyəcəyinə əmindir. "Biz istəyirik ki, Cənubi Qafqazın üç dövləti - Azərbaycan, Gürcüstan və Ermənistan öz aralarında normal qonşuluq əlaqələrini bərpa edə bilsin. Yəqin ki, prezidentlərin görüşündə də bu xəbər Ermənistan tərəfə çatdırılıb. Eyni zamanda, proses çərçivəsində olan çətinliklər, problemlər araşdırılıb. Bu problemlərin aydınlaşdırılmasında irəliləyiş əldə etmək üçün müzakirələr davam etdiriləcək. Hələlik bu proses çərçivəsində yaxın müddətdə hansı görüşlər olacağı bəlli deyil".
Nazir müavini hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olduqca vacib idi. "Belə ki, Azərbaycan prezidenti qarşı tərəfin mövqeyini öyrənmək üçün o tərəfin birinci şəxsi ilə müzakirə apararaq, qaranlıq qalan məsələləri aydınlaşdıra bildi. Başqa tərəfdən isə qarşı tərəf elə bilməsin ki, vaxt keçirməklə, görüşlər yolu ilə hazırki vəziyyəti uzadıb hansısa siyasi maraqlarını təmin edəcək. Bu, heç də belə deyil. Biz onlara rahat durmaq üçün heç bir macal verməyəcəyik. Bütün səviyyələrdə, bütün sahələrdə, bütün formatlarda Ermənistanın Azərbaycana qarşı fəaliyyətləri haqqında geniş şəkildə obyektiv məlumatlar yayılacaq".
A.Əzimov “Amerikanın səsi” radiosunun "danışıqlar hansı nöqtədən davam etdiriləcək" sualına, "Azərbaycan danışıqları həmişə eyni nöqtədən davam etdirir", - deyə cavab verib. "Bu Azərbaycanın işğal altında olan ərazilərinin boşaldılması, münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunmalı nöqtəsidir. Bu prinsipial mövqe çərçivəsində Azərbaycan lazımi qədər kompromis, çeviklik göstərməyə hazırdır".
Madrid sənədinə gəldikdə, onun fikrincə, Madriddə münaqişənin nizamlanması ilə bağlı layihənin növbəti bir forması verilib. "Bu layihənin 3-4 il ərzində müxtəlif vaxtlarda, müxtəlif mərhələlərdə müxtəlif hissələri dəyişdirilib. Birincisi, bu, tam hazırlanmış sənəd deyil. Bu, işçi səviyyədə baxılan təkliflərin yazılı ifadəsidir. İkincisi, bu sənəd həmsədrlər tərəfindən görüşləri zamanı müzakirə edilən məsələlərin əhəmiyyətindən asılı olaraq, mahiyyətini özləri başa düşdüyü formada tərtib olunan bir sənəddir. Bu, rəsmi sənəd kimi qəbul edilməyib.
Onun dediyinə görə, başqa tərəfdən layihədə açıqlanan mövzular, prinsipial elementlər müzakirə edilir. "Müzakirələrdə çətin mövqelər və çətin məsələlər həll edilməlidir. Heç bir tərəf öz maraqlarını yüz faiz təmin edə bilməz. Bu heç bir prosesdə mümkün deyil. Əlbəttə, nəyisə almaq üçün, nə isə çevikilik nümayiş etdirmək, nə isə kompromisə getmək lazımdır. Kompromis qarşılıqlı əsaslarda razılaşma üçün addımlardır. Lakin həm kompromis, həm razılaşmalar beynəlxalq cəmiyyət tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında qurulur və inkişaf edir. Burada hamılıqla qəbul edilmiş bir əsas var. O da ərazi bütövlüyüdür", - deyə o qeyd edib.
Öz növbəsində müstəqil politoloqlar danışıqların perspektivinə inanmır. Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan və Azərbaycanın münaqişənin həllinə baxışları fərqlidir. Belə ki, Azərbaycan münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğu halda, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək çağırışları ilə çıxış edir.
Politoloq danışıqların hazırki formatının da münaqişənin həllinə yol açmadığını deyir. Onun fikrincə, Minsk Qrupunun həmsədr dövlətləri regionda siyasi üstünlük və iqtisadi maraqlar uğrunda mübarizədə əks istiqamətlərdə durur. Hər bir dövlət öz maraqlarının təmin edilməsində münaqişə faktorundan alət kimi istifadə edir.
Yeri gəlmişkən bildirək ki, Ermənistanda prezident seçkilərindən sonra iki dövlət başçısı arasında ilk görüş keçirilib. Dövlət başçıları danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəlib. İyunun son həftəsində Minsk Qrupunun həmsədrləri müzakirələri davam etdirmək üçün regiona səfər edəcək.