Accessibility links

Azərbaycanın baş naziri Artur Rəsi-zadə olacaq


Azərbaycan Milli Məclisi prezident İlham Əliyevin təqdimatı əsasında Artur Rəsi-zadənin baş nazir vəzifəsinə namizədliyini təsdiq edib. Bu qərar 101 səs “lehinə”, 2 səs “əleyhinə” və 1 nəfər bitərəf qalmaqla qəbul edilib. Cənab Rəsi-zadə Azərbaycan hökumətinə 1996-cı ildən rəhbərlik edir, onun 73 yaşı var.

Azərbaycanın siyasi rəhbərliyi Artur Rəsi-zadənin baş nazirliyi dövründə ölkə iqtisadiyyatının inkişaf tempinə görə dünyada öncül yer tutdğunu bəyan edir. Son beş ildə dövlət büdcəsinin gəlirləri və xərcləri bir neçə dəfə artıb. Rəsmi məlumatlara görə, 600 mindən çox yeni iş yeri yaradılıb, yoxsuluq səviyyəsi 30 faizdən çox azalıb.

Bununla yanaşı, müstəqil ekspertlər və müxalifət liderləri iqtisadi inkişafın neft amili ilə bağlı olduğunu və korrupsiyanın səviyyəsinin, inhisarçılığın artdığını deyir. Keçmiş baş nazir, Milli Məclisin deputatı Pənah Hüseyn cənab Rəsi-zadənin gələcək fəaliyyətində hər hansı islahatın baş verəcəyinə inanmır. Onun fikrincə, cənab Rəsi-zadə indiki iqtidar üçün ideal namizəddir.

Cənab Hüseyn, eyni zamanda baş nazirin və nazirlər kabinetinin rolunun artırılmasını vacib sayır. O ölkədəki iqtisadi artımı sırf neft amili ilə bağlayır və neft hasilatı enəndən sonra iqtisadi tənəzzülün hətta siyasi nəticələrə səbəb olacağını güman edir.

“İqtisadi Tədqiqatlar” mərkəzinin rəhbəri Qubad İbadoğlu isə yeni təşkil ediləcək hökumətdən hər hansı islahat gözləmir. Onun fikrincə, yeni hökumət indiki siyasətin sadəcə davamçısı olacaq.

XS
SM
MD
LG