ATƏT-in Azərbaycanda parlament seçkiləri prosesini müşahidə edən uzunmuddətli müşahidə missiyası aralıq hesabatını açıqlayıb. Hesabatda prezident İlham Əliyevin bu il mayın 11-də seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı fərmanı müsbət qiymətləndirilir və seçkibağı mühitin yaxşılaşmasına şərait yaratdığı qeyd olunur.
Missiya bildirir ki, seçkilər nümayişlər və ölkə üzrə namizədlərin plakatlarının vurulması ilə müşahidə olunur. Sənəddə sərbəst toplaşmaqla bağlı problemlərin hələ də qaldığı qeyd edilir. «Bölgələrdə icra strukurları cəmi bir neçə kütləvi aksiyaya icazə versə də, bunlar güclü polis nəzarəti altında keçirilib».
Müşahidə missiyası bildirir ki, ötən seçkilərlə müqaisədə namizədlərin qeydə alınmasında çox böyük irəliləyişlər var və qeydə alınmayan namizədlərin böyük hissəsinə qanuni əsaslarla yox deyilib.
Hesabatda qeyd olunur ki, mühacirətdə olan siyasətçilər Rəsul Quliyev və Ayaz Mütəllibovun deputatlığa namizədliyi qeydə alınsa da, onlar Azərbaycana qayıdacaqları təqdirdə həbsə alınacaqları ittihamı ilə üzləşib.
Müşahidəçilər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Venetsiya komissiyasının seçki komissiyalarının təkmilləşdirilməsi və əhalinin seçkilərə inamının yüksəldilməsi ilə bağlı tövsiylərinin yerinə yetirilməməsini təəssüflə qeyd edir. «Seçki komissiyalarında hələ də hakimyyət nümayəndələri üstünlük təşkil edir və eyni adamın təkrar səsverməsinin qarşısını almaq üçün seçicilərin barmaqlarına rəng vurulması ilə bağlı təklif qəbul edilməyib».
Hesabatda məcburi köçkünlərin səsverəmsi ilə bağlı narahatlığın olduğu da əksii tapıb. «Seçicilərin təxminən 12 faizini təşkil edən 800 min məcburi köçkünün çoxu onlar üçün təşikl edilən məntəqələrdən uzaqda yaşayır».
Müşahidə missiyası KİV-də seçkilərin işıqlandırılması məsələsinə də toxunub. «Pulsuz efir vaxtı ədalətli bölünüb. Ancaq televiziyaların əsasən hakimiyyətə meylli namizədlərə daha çox yer ayırması ictimai qurumların narahatlığı ilə ifadə olunur»-deyə hesabatda qeyd olunur.